Xəzər Xəbər

Bəzi şəxslərin əlillik təyinatı dəyişdiriləcək SİYAHI MÜƏYYƏNLƏŞİB

Onların əlillik səbəbinin dəyişdirilməsi üzərində iş aparılır
Cəmiyyət | 12:45 • 27 May 2022
Bəzi şəxslərin əlillik təyinatı dəyişdiriləcək

Əlillik təyinatı ilə bağlı meyarlarda yeniliklərdən bir də terror hadisələri zamanı zərərçəkənlərə əlillik təyinatının verilməsidir. Bu o deməkdir ki, hər hansı bir şəxs terror hadisəsində zərərçəkmiş kimi tanınırsa, onun əlilliyinin səbəbi terrorla əlaqələndiriləcək. Biz bununla bağlı müəyyən araşdırmalar aparmışıq və Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti ilə əməkdaşlıq çərçivəsində müzakirələr keçirmişik. Beləliklə, müstəqillik dövründən indiyə kimi nə qədər zərərçəkmiş şəxsin olduğu barədə siyahı əldə etmişik. 

Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev feysbukda yayımlanan "Sosial saat"da deyib. 

Onun sözlərinə görə, siyahıda olan şəxslərdən kimin əlilliyi varsa, onların əlillik səbəbinin terrorla bağlı dəyişdirilməsi üzərində iş aparılır: "Məsələn: İndiyə kimi sözügedən şəxslərin əlilliyi ümumi səbəbdən verilirdi. Bundan başqa, Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə minaya düşərək xəsarət almış şəxslərə də əlillik ümumi səbəbdən verilirdi. Həmçinin Vətən müharibəsi zamanı raket hücumları zamanı yaralanmış şəxslərə əlillik ümumi səbəbdən verilirdi. Çünki onlar hərbi qulluqçu yox, mülki şəxslərdir. Lakin bu, ümumi səbəb də deyil. Adam evində oturduğu yerdə və ya maşında olduğu zaman raket zərbəsinə məruz qalıb və xəsarət alıb. Ona görə də bu məsələyə yenidən baxılır və belə hadisələr zamanı xəsarət alanlara terror səbəbi ilə əlillik təyinatı aparılacaq". 

O əlavə edib ki, terror hadisələri xəsarət almış şəxslər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməli və zərərçəkmiş kimi tanınmalıdırlar: "Əgər onlar istintaq orqanları tərəfindən terror hadisələri zamanı zərərçəkmiş kimi tanınarlarsa, həmin şəxslərin əlillik təyinatına dəyişiklik ediləcək".

Xəbər lenti