Xəzər Xəbər

Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?

Cəmiyyət | 16:14 • 16 May 2022
Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?
Mütəxəssislər deyirlər ki, uşaqların müəyyən yaşa qədər telefon, kompüterdən uzaq saxlanması onların texnoloji cəhətdən digər uşaqlardan geri qalmasına səbəb olacaq faktor deyil. Amma əvəzində... Yəqin hamımız azyaşlı uşaqların texnoloji əşyalara olan marağı ilə rastlaşmışıq. Adi vaxt üzümüzə baxmayan uşaqlar telefon gördükdə bizimlə dostlaşırlar. Amma hamımız bilirik ki, telefon şüalanma mənbəyidir. Bir çox valideynlər də bu səbəbdən uşaqları müəyyən yaşa qədər texnologiyadan uzaq tutmağa çalışırlar. Bu addımın uşaqların sağlamlığı naminə atıldığı bildirilir. Ancaq bəzi valideynlər deyirlər ki, texnologiya əsrində yaşayırıq, qoy uşaqlar tez öyrənsinlər, uzaq tutsaq, texnologiyadan geri qalacaqlar. Burada həqiqət payı nə qədərdir? Müəyyən yaşa qədər uşaqların texnologiyadan uzaq saxlanması onların texnoloji cəhətdən digər uşaqlardan geri qalmasına səbəb ola bilərmi? Həmin uşaqlar üçün texnologiya ilə birdən-birə qarşılaşmaq çətinlik yaradar?

XəzərXəbər mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edir.

Çətin olmayacaq, çünki…

Psixoloq Nuranə İsgəndərova deyir ki, texnologiyadan uzaq qalan uşaqlar gələcəkdə çətinliklə üzləşməyəcəklər:

“Çünki telefon və texnologiyadan istifadəni öyrənmək uşaqlar üçün çox rahatdır. Əksinə, 1-3 yaş dönəmində ekrandan uzaq qalan uşaqların diqqətləri daha aktiv, sosiallığı daha yaxşı və aqressivliyi daha az olur”.

IT mütəxəssisi Rəşad Əliyev bildirir ki, uşaqların məntiqi bacarıqlarının üzərində işləmək lazımdır, bu zaman texnologiyaya alışmaq problemi yaşamazlar:

“Sadəcə həmin uşaqların məntiqini artırmaq lazımdır. Məntiq üçün xüsusi proqramlar, oyuncaqlar var. Onlar müxtəlif rənglərdə olan fiqurlar və s. ola bilər. Yəni onlarla da uşaqların məntiqini inkişaf etdirə bilərlər”.

Yaşa görə vaxt limiti

R.Əliyev bildirir ki, uşaqlara telefon istifadəsində vaxt limiti qoyulmalıdır:

“Elektron cihazlar təkcə telefon deyil, kompüter və planşetlər də ola bilər. Onlardan istifadəyə müəyyən vaxt ərzində icazə vermək lazımdır. Uşağı texnologiya ilə istənilən yaşda tanış etmək olar. Sadəcə olaraq erkən yaşda az müddətdə icazə verilməyi məsləhətdir. Bu, 5-10 dəqiqədən 2-3-4 saata qədər davam edə bilər. Yaş limitlərinə uyğun olaraq müxtəlif qaydalar var. Onlara uyğun olaraq icazə vermək olar”.

İnkişaf pozuntularını sürətləndirir

N.İsgəndərovanın sözlərinə görə, hər yaş üçün limit var. Onun fikrincə, azyaşlı uşaqların telefondan istifadəsi bəzi fəsadlara gətirib çıxara bilər:

“0-3 yaş aralığında olan uşaqların telefon, televizorla vaxt keçirmələri məsləhət görülmür. 3-5 yaşında uşaqlar telefon, televizorla gün ərzində yarım saat vaxt keçirə bilərlər. 0-3 yaş uşaqların şüaya məruz qalmaları onlarda bəzi inkişaf pozuntularını sürətləndirir, nitq ləngimələrinə gətirib çıxarır. Yeniyetmələrdə isə qapanmalara, sosial münasibətlərin olmamasına, aqressivliyin yaranmasına səbəb olur. Uşaqların telefon, televizorla vaxt keçirmələri böyüyəndə diqqət dağınıqlıqlarını da çoxaldır”.

Valideyn nəzarəti

N.İsgəndərova deyir ki, 1-3 yaşdan sonra texnoloji cihazlardan istifadə etməyə icazə verilsə də, valideynlər bu zaman onların telefondan istifadəsinə mütləq nəzarət etməlidirlər:

“Telefonu uşaqlara asudə vaxtını düzgün şəkildə bölüb, müəyyən aralıqda vermək lazımdır. Uşaqların telefondan hansı məqsədlə istifadə etdiyinə də diqqət ayırmaq lazımdır. Aqressiv oyunlar uşaqlarda cəmiyyətə də aqressiyanın yaranmasına gətirib çıxarır. Eyni zamanda uşaqlarda gecə qorxuları da əmələ gələ bilər. Ona görə də, valideyn daim uşaqların izlədiyi videolara, oyunlara nəzarət etməlidir”.  

Uşaqları qorumaq üçün yollar

R.Əliyev bildirir ki, uşaqları texnologiyanın zərərlərindən qorumaq üçün müxtəlif yollar mövcuddur:

“Valideynin telefona nəzarət etməsi üçün xüsusi proqramlar var. Bu proqramları yükləsinlər və övladlarının telefonda nə etdiklərini nəzarətdə saxlasınlar. Bu proqramlarla uşaqlarının baxa biləcəkləri proqramları özləri tənzimləyə bilirlər. Yaş limitinə uyğun olaraq müxtəlif proqramların istifadəsinə icazə vermək mümkündür”.

Vaxt planlı olmayanda…

N.İsgəndərova vurğuladı ki, uşaqların asudə vaxtları düzgün planlanmadıqda, onlar texnologiyaya meyil edirlər:

“Valideyn uşağın asudə vaxtını düzgün planlamalı, maraq dairəsinə uyğun qurmalıdır. Kompüter və telefondan çox istifadə edən uşaqlar asudə vaxtı düzgün planlaşdırılmayan, evdə çox vaxt keçirən uşaqlardır. Digər səbəb uşaqların diqqətdən kənar qalmalarıdır. Adətən diqqətdən kənar qalan uşaqlar vaxtlarını telefonda oyunlarla keçirməyi seçirlər. Valideynlərin uşaqlarına vaxt ayırmaları, onlarla oynamaları önəmlidir”.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti