Xəzər Xəbər

Bakıda sərnişin avtobusları niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 15:07 • 9 Dekabr 2021
Bakıda sərnişin avtobusları niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Son vaxtlar Bakıda şəhər daxili avtobusların hərəkətində gecikmələr müşahidə olunur. Xüsusilə bu problemə  əhalinin ictimai nəqliyyatdan ən sıx istifadə etdiyi pik saatlarda daha çox rast gəlinir. Əsasən 170, 133, 96, 11, 2 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobusların ləngiməsi insanların haqlı narazlığına səbəb olur. Bunun səbəbini bəzi avtobus sürücülərindən öyrənməyə çalışdıq.

133 saylı marşrutun adının çəkilməsini istəməyən sürücüsü gecikmələrin bir neçə səbəbinin olduğunu dedi:

"Avtobuslarda kart sistemi tətbiq olmazdan əvvəl sürücünün gün ərzində neçə sərnişinin daşıması marşrut sahibini maraqlandırmırdı. Sürücü nə olur-olsun planı verməliydi. Bununla belə o dövrdə müəyyən qazancımız olurdu. Kart sistemi ise günümüzdə konkret məbləğdə əmək haqqı deməkdir. Həmin məbləğ sürücülərin əksəriyyətini qane etmədiyinə görə, nəğd ödəniş olan marşrutda işləməyə üstünlük verirdi. İndi isə marşrutların böyük qismi kartla ödəniş sistemində çalışır. Bütün xərclər marşrut sahiblərinin üstünə düşür deyə, onlar avtobusların bəzisini marşurtdan çıxarır. Sürücü sadəcə avtobusu sürür, yanacaq, təmir və digər məsələlər marşrut sahibinin üstündə qalıb. Onlar da öz növbələrində çox problemdən qaçmaq üçün xəttdəki avtobusların sayını azaldır ki, bu da uzun intervallara səbəb olur".

Qeyd etdiyimiz məsələ ilə bağlı danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xismətinin rəhbəri Mais Ağayev bildirdi ki, sərnişin avtobuslarının gecikməsinin əsas səbəbi onların pik saatlarda nəqliyyat sıxlığı ilə üzləşməsidir. Onun sözlərinə görə, belə hallarda avtobus zolaqlarının olmaması vəziyyəti daha da çətinləşdirir:

“Müntəzəm marşrut xətləri üzrə avtobusların intervalındakı ləngimələr səhər və axşam pik saatlarında müşahidə olunur. Bu ləngimələr heç də gündəlik xəttə çıxan avtobusların sayı ilə əlaqədar olan məsələ deyil. Belə ki, bu ləngimələrin başlıca səbəbi avtobusların yollarda müşahidə edilən nəqliyyat sıxlıqları səbəbindən sıxlıqda, tıxacda qalması ilə birbaşa bağlıdır. Çünki bildiyimiz kimi, bu gün Bakının küçə və prospektlərində, xüsusən də əsas ictimai nəqliyyat dəhlizləri hesab olunan küçə və prospektlərdə yetəri qədər avtobus zolaqları yoxdur. Zolaqlar olan yerlərdə isə nəzarət tədbirləri elə də güclü deyil. Bütün bunların hamısı sonda avtobusların intevalında ləngimələrin və gecikmələrin yaranmasına gətirib çıxarır. Nəticədə də bizim ictimai nəqliyyat istifadəçiləri bundan çox ciddi şəkildə əziyyət çəkirlər. Biz dəfələrlə bununla bağlı qeyd etmişik ki, avtobus zolaqları artırılmalıdır. Həmçinin bu istiqamətdə iş də aparırıq. Həm müvafiq qurumlarla işlər aparılır, həm də yeni avtobus zolaqlarının harada təşkil edilə biləcəyi ilə bağlı həmin ərazilərin təhlilini aparırıq. Dediyim kimi, nə qədər ki, bizdə avtobusların sərbəst, maneəsiz hərəkət imkanları yoxdur, məhduddur, təbii ki, bu səbəbdən avtobusların intervalında gecikmələr müşahidə olunacaq”.

BNA sözçüsü onu da əlavə etdi ki, avtobus dayanacaqlarında qeyri-qanuni sərnişin daşımalarının olması da intervaldakı gecikmələrin səbəblərindən biridir:

“Avtobusların intervalındakı gecikmələri şərtləndirən başlıca səbəblərdən biri qeyri-qanuni sərnişin daşımalarıdır. Bunu açıq şəkildə qeyd etmək lazımdır ki, bəzən qeyri-formal daşımalar formal daşımaların işinə ciddi maneələr yaradır. Avtobus dayanacaqlarında, ümumiyyətlə qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar şəhərdaxili sərnişin daşımaya ciddi şəkildə  maneələr yaradır və avtobusların hərəkətində gecikməyə səbəb olan uzun intervallar əmələ gəlir”./redaktor.az

Xəbər lenti