Xəzər Xəbər

Artıq bu şəxslər də ödənişsiz təhsil ala biləcək - Ekspert açıqladı

Cəmiyyət | 12:25 • 30 Noyabr 2021
Artıq bu şəxslər də ödənişsiz təhsil ala biləcək - Ekspert açıqladı
Növbəti tədris ilində dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının 17 % artırılaraq 110 min 834 nəfərə çatdırılması nəzərdə tutulur.
 
Maraqlıdır, bundan sonra ixtisasların keçid balı aşağı düşə bilərmi? Plan hansı şəkildə tənzimlənəcək?
 
Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov abituriyentlər üçün tələbə olmaq şansının ildən-ilə artırıldığını və bu prosesin davamlı olacağını bildirib:
 
"İlk növbədə qeyd edim ki, 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 20 min 500-ə çatdırılıb. Hazırda bakalavr pilləsində təhsil alan 164 min tələbənin 31 faizi ödənişsiz, 69 faizi ödənişli əsaslarla oxuyur. 2018-ci ildə 12 min tələbə pulsuz təhsil alırdısa, 2019-cu  ildə 21 min, yəni 45 faiz olub. 2021-ci ildə isə plan yerlərinin 50 faizi dövlət sifarişli plan yerləri olub.
 
 
Təəssüf ki, son 5 ildə 7 mindən çox tələbə ödəniş edə bilmədiyi üçün təhsili yarımçıq qoyub. Bu, təhsilli işçi qüvvəsinin itirilməsi deməkdir. Ona görə ödənişsiz təhsil yerlərinin sayını artırmaqla insanları təhsilə cəlb etmək olacaq. Hazırda Azərbaycanda 10 milyon vətəndaşın cəmi 17 faizi ali təhsillidir, yəni hər min nəfərdən 124 nəfəri. Bu isə dünya standartlarından aşağıdır”.
 
Ekspert  fiziki məhdudiyyəti olan şəxslərin də ödənişsiz təhsil ala biləcəyini deyib:
 
"Bundan başqa, bildiyiniz kimi ölkə prezidenti İlham Əliyev 2019-cu ilin əvvəlində ali təhsil müəssisələrində ödənişsiz plan yerlərinin 50 faizə çatdırılması barədə sərəncam imzalmışdı. Bundan sonra isə I və II qrup əlilliyi olan şəxslərin təhsil haqqından azad edilməsi ödənişsiz təhsil alanların sayına kəskin şəkildə təsir göstərəcək. Vacib bir məqamı qeyd edim ki, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.
 
Bilirsiz ki, bu kateqoriyadan olan şəxslər var idi ki, onlar maddi imkanları olmadığı üçün ali təhsil ala bilmirdilər. Amma bundan sonra fiziki məhdudiyyətli şəxslər də ödənişsiz ali təhsil ala biləcəklər və onların cəmiyyətə adaptasiyası baxımından bu, olduqca müsbət addımdır.
 
 
Hazırda ölkəmizdə 124 min tələbə ödənişli əsaslarla təhsil alır. 2022-ci ildə daha çox plan yerinin pulsuz olması ali təhsilin əlçatanlılığına müsbət təsir göstərəcək”./Sfera.az

Xəbər lenti