Xəzər Xəbər

Qrip yüngül xəstəlik deyil və onu ayaq üstə keçirmək olmaz - Həkim-terapevt

Cəmiyyət | 14:38 • 27 Oktyabr 2021
Qrip yüngül xəstəlik deyil və onu ayaq üstə keçirmək olmaz - Həkim-terapevt

İki ilə yaxın davam edən pandemiya zamanı qrip epidemiyası az qala unudulub, ən azı həmin xəstəlik bir növ arxa planda qalıb. Qrip mövsümü xəstəlik olduğuna və ona tez-tez yoluxub sağalma baş verdiyinə görə bəzən həmin xəstəliyə ciddi yanaşılmır. Müalicə zamanı isə xəstələr çox vaxt həkimə üz tutmağa ehtiyac görmür, müəyyən dərmanları qəbul etməklə sağalmağa çalışırlar.

Xezerxeber.az xəbər verir ki, həkim-terapevt Emin Məmmədov deyib: “Qrip keçirən bir çox xəstələr uzun müddət ağızda dad, burunda qoxu hissiyyatının itməsini müşahidə edirlər. Mövsümi qriplərdən sonra sinusid xəstəliklərinin fəsadları qalır. Bu, alın və üz ciplərində xroniki iltihabi ağırlaşmalardır. Xəstələr mütəmadi baş və sinir ağrılarından şikayət edirlər. Qripin digər fəsadlarından biri də ağciyər və bronxların zədələnməsidir”.

Qrip müalicə edildikdə yeddi gün, edilmədikdə isə daha çox davam edə bilər. Bu zaman orqanizmdə digər xəstəliklərin də baş qaldırması mümkündür. Statistikaya görə, hər il 500 milyon nəfər qripə yoluxur, 2 milyon nəfər isə qrip və onun fəsadlarından həyatını itirir. Ölənlərin 80 faizini uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olanlar təşkil edir.

Qrip yüngül xəstəlik deyil və onu ayaq üstə keçirmək olmaz. Virus daha çox hava-damcı yolu ilə keçir. “Qrip virusuna yoluxanların infeksiyanı ətrafa yaymaması üçün ev şəraitində və yataq rejimində müalicə alması məsləhət görülür, çünki belə şərait infeksiyanın tez sağalması, yan təsirlərinin və fəsadların olmaması üçün daha əlverişlidir”, - deyə həkim–terapevt əlavə edib.

Qripə qarşı peyvənd edilməsi bir il ərzində yoluxmanın qarşısını alır. Peyvənd olunan hər on nəfərdən səkkizində xəstəliyə qarşı immunitet güclənir. Daha bir təhlükəli məqam virusun çox tez mutasiya etməsidir. Ona görə də qripin peyvəndi də tez-tez yenilənir.

Xəbər lenti