Xəzər Xəbər

Məktəblərdə yoluxma halları artır - Valideynlərə MÜRACİƏT

Cəmiyyət | 14:35 • 18 Oktyabr 2021
Məktəblərdə yoluxma halları artır - Valideynlərə MÜRACİƏT

“Mövsümlə əlaqəli olaraq payız aylarında qrip və buna bənzər üst tənəffüs yolları xəstəlikləri artıb. Bu, hər zaman müşahidə edilirdi”.

XəzərXəbər xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Erkin Rəhimov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən ilə nisbətən bu mövsüm uşaqlar arasında xəstələnmə hallarının artmasının müəyyən səbəbləri var.

“Keçən il bu, çox müşahidə olunmadı. Çünki məktəb və bağçalar bağlanmışdı. Amma indi təhsil müəssisələri açıldı.

Ona görə də yoluxma halları arta bilər. Koronavirus da təbii olaraq hava-damcı yolu ilə keçən virus olduğu üçün onun da artması gözlənilən haldır”, - deyə Erkin Rəhimov bildirib. Mütəxəssisin fikrincə, bu baxımdan da böyük məsuliyyət valideynlərin üzərinə düşür:

“Evdə olan böyük insanların hamısı peyvənd olunmalıdır. Elmi-tədqiqatlar göstərir ki, ən çox evin içində yoluxma baş verir. Yəni uşaqlar ən çox valideynlərlə yaxın təmasda yoluxur.

Bir tərəfdən də uşaqlara virusla bağlı məlumatlar verilməlidir. Yəni uşaqlar təşvişə düşmədən qorunma yollarını bilməlidirlər. Əlləri sabunla yumaq, maska taxmaq, şəxsi gigiyenaya və sosial məsafəyə əməl etmək lazımdır”.

Xəbər lenti