Xəzər Xəbər

Bakıda bu universitetlər tələbələri yataqxana ilə təmin edəcək SİYAHI

Cəmiyyət | 14:38 • 24 Sentyabr 2021
Bakıda bu universitetlər tələbələri yataqxana ilə təmin edəcək

Sentyabrın 29-dan Aərbaycanda ali təhsil müəssisələrində əyani tədris bərpa olunur. Məlumdur ki, rayonlardan Bakıya üz tutan tələbələr kirayə evlərdə yaşamağa məcbur olurlar. Kirayə evlərin qiymətinin heç də aşağı olmadığını nəzərə alsaq, bu, tələbə və onların valideynləri üçün müəyyən çətinliklər yaradır. Bəs görəsən bu tədris ilində universitetlər tələbələri yataqxana ilə təmin ediləcəkmi?

Mövzu ilə bağlı paytaxtdakı universitetlər arasında sorğu keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva qeyd edib ki, BDU-nun tələbə evi yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək: “Müasir tələblərə cavab verən 220 nəfərlik yeni “Tələbə Evi”ndə tələbələrin yaşaması və təhsillərini davam etdirmələri və asudə vaxt üçün bütün şərait yaradılıb. 104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar iki və üç nəfərlikdir. Birinci mərtəbənin qapısında giriş-çıxışa nəzarət üçün avtomatik sistem quraşdırılıb ki, bu da tələbələrin təhlükəsizliyini təmin edir. Pandemiya şəraitini nəzərə alaraq, burada dezinfeksiya üçün mexaniki (əllə işləyən) və həmçinin avtomatlaşdırılmış xüsusi qurğu da yerləşdirilib. Tələbələr öncə əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxa biləcəklər".

Mətbuat katibi qeyd edib ki, BDU-nun digər yataqxanaları hazırda istafdəyə yarasız vəziyyətdədir: "Yeni yataqxana binalarının tikintisi ilə bağlı müzakirələr aparılır, bir sözlə üzərində iş gedir”.

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov qeyd edib ki, BSU-nun hazırda  dörd yataqxanası var: “Hazırda  3 binada qaçqın və məcburi köçkünlər məskunlaşıb. BSU olaraq yalnız 3 saylı binanın bir qismindən istifadə edə bilirik. Çünki bu binanın da bir və üçüncü mərtəbəsində qaçqın və məcburi köçkünlər məskunlaşıb. Hazırda həmin yataqxanada 100-dən çox tələbəmiz yaşayır. Yeni tədris ilində yalnız 40 nəfər aztəminatlı ailənin övladını bu yataxanaya yerləşdirə biləcəyik. Ehtiyacı olan tələbələrimizi digər ali təhsil müəssisələrinin yataqxanalarına da yerləşdirməyə çalışırıq. Bunun üçün universitetlərə müraciətlər edirik”.  


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov bildirib ki, universitetin 320 nəfərlik yataqxanası fəaliyyət göstərir: “Orada həm əcnəbi, həm də yerli tələbələr yaşayır. Bir otağın qiyməti 100 manatdır və burada 3 nəfər qala bilir. Bu məbləğ 3 nəfərin arasında bölünür. Pandemiya ilə əlaqədar olaraq yataqxanamızda vaxtaşırı tədbirlər həyata keçirilir və dezinfeksya edilir. Tələbələrin temperaturu yoxlanılır. Yataqxanaya qeydiyat prosesi başlanılıb. Yeni tədrisili başladığı zaman tələbə yataqxanası tələbələri qəbul edəcək. Bundan başqa "Univerium" adlı yataqxanamız da var ki, orada da tələbələrimiz yaşayır. Qeyd edim kİ, bu yataqxanada ADNSU ilə yanaşı digər universitetlərin tələbələri də yaşaya bilir".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva bildirib ki, universitetin beş yataqxanası var. Dediyinə görə, onlardan yalnız biri istifadədədir: "Digər dörd binada ötən ilə qədər qaçqın və məcburi köçkünlər yaşayırdı. Hazırda onlar yeni mənzillərlə təmin edilib. Lakin o binalar indi çox yararsız vəziyyətdədir. Həmin binaların əsaslı təmirə ehtiyacı var. Hazırda 250 yerlik yataqxanamız tələbələrin istifadəsindədir. Yataqxana tam təmir olunaraq mebellə təmin olunub. Yerli vətəndaşlar üçün qiymət 30, əcnəbi tələbələr üçün 40 manatdır. Universitetin yataqxanasına qəbul zamanı bəzi məqamlar diqqətə alınır. Daha çox ximkansız ailələr, şəhid ailələri, məcburi köçkünlərin övladlarına üstünlük verilir. Yeni binaların tikintisi ilə bağlı müraciətlər edilib. Lakin hələlik bu məsələ gündəmdə deyil"./Redaktor.az

Xəbər lenti