Xəzər Xəbər

Hamilələrin koronavirus müalicəsi adi qaydada icra edilir AÇIQLAMA

Cəmiyyət | 14:54 • 20 Sentyabr 2021
Hamilələrin koronavirus müalicəsi adi qaydada icra edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş hamilələrin müalicəsi narahatedici məsələlərdəndir. Hamilə qadınların koronavirusla əlaqədar problemləri daha çox hamiləliyin üçüncü trimestrində baş verir.

Xezerxeber.az xəbər verir ki, həkim-ginekoloq Nərmin Muradova bu barədə deyib: “Üçüncü trimestr hamiləliyin 28-ci həftəsindən sonrakı dövrə deyilir. Koronavirusun hamilələrdə başlıca riskləri erkən doğuş, erkən suların gəlməsi, ciftin erkən ayrılması və COVID-19-la yanaşı digər virus infeksiyalarının baş qaldırmasıdır. Eyni zamanda üçüncü trimestrdə uşaqlığın böyüməsi ilə əlaqədar diafraqma daha çox sıxıldığına görə yuxarı qalxır və nəticədə ağciyərlər kiçilir. Bu isə ventilyasiya problemlərinə səbəb olur”.

Onun dediyinə görə, hamilələrin koronavirus müalicəsi adi qaydada icra edilir: “Yalnız yanaşı olaraq dölün ana bətnindəki ürək döyüntülərini tez-tez təyin etmək lazımdır. Baş verə biləcək problemləri izləmək üçün xəstə daim nəzarətdə saxlanılmalıdır. Həmin problemlərdən istənilən biri müşahidə edilərsə, xəstəyə uyğun olaraq ya erkən keysəriyyə əməliyyatı, ya da normal doğuş təyin edilməlidir”.

Həkim-ginekoloq qeyd edib ki, hamilə qadınlar koronavirus əleyhinə peyvənd ediləndən sonra onun immuniteti aşağı düşə bilər: “İmmunitetin aşağı düşməsi ilə əlaqədar olaraq göbələk, genital herpes virusları arta bilər. Ona görə də hamilələr baş verən dəyişiklikləri vaxtında aşkarlamalı və müalicəyə başlamalıdırlar”.

Xəbər lenti

Çox oxunanlar