Xəzər Xəbər

Belə xəstəliyi olanlar vaksinasiya edilməyəcəklər AÇIQLAMA

“Əks-göstəriş sertifikat”ına uyğun gələnlər...
Cəmiyyət | 17,467 | 16:12 • 5 Avqust 2021
Belə xəstəliyi olanlar vaksinasiya edilməyəcəklər

Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya üçün əks göstəriş olan allergik xəstəliklər dedikdə xüsusilə dərman preparatlarına qarşı allergiya nəzərdə tutulur. Güclü qida allergiyası da əks-göstəriş ola bilər. Bütün hallarda allerqoloq müayinəsindən keçmək məsləhətdir.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov AZƏRTAC-a COVID-19 infeksiyasına qarşı istifadə edilən peyvəndlərə əks-göstəriş olan xəstəliklər barədə məlumat verib.

Həkim-infeksionist bildirib ki, hamilə qadınlar, süd verən analar, allergiyadan əziyyət çəkənlər, həmçinin xərçəng xəstəliyinin kəskin dövrünü yaşayan və kimyaterapiya müalicəsi alan xəstələr COVID-19 əleyhinə vaksinasiya üçün əks-göstəriş hesab edilirlər: “Eyni zamanda, səpki elementi ilə müşayiət edilən və autoimmun xəstəliklərə tutulanlar da koronavirusa qarşı peyvənd vurdura bilməzlər. Uzun müddət hormon qəbul edən, xroniki bronxitin allergik formasından əziyyət çəkənlər üçün də vaksin təhlükəlidir. Əks-göstəriş bir sıra allergik reaksiyanın dərəcəsindən asılıdır. Yəni, bəzi allergik xəstələr həkim məsləhəti ilə COVID-19 əleyhinə vaksinasiyada iştirak edə bilərlər”.

İ.Bayramov vurğulayıb ki, “Əks-göstəriş sertifikat”ına uyğun gələnlər özlərini koronavirusdan qorumaq üçün kütləvi toplaşmalarda tibbi maska taxmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlullarından istifadə etməlidirlər.

Qeyd edək ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə “Əks-göstəriş sertifikat”ının verilməsinə başlanılır. “Əks-göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikat”ı veriləcək.

Xəbər lenti