Xəzər Xəbər

Xəzərin suyu kəskin azalır, Bakı bulvarında adalar... - Ekoloq

Cəmiyyət | 1,055 | 15:53 • 22 İyul 2021
Xəzərin suyu kəskin azalır, Bakı bulvarında adalar... - Ekoloq

Xəzər dənizinin suyunun kəskin azalması nəticəsində xüsusilə Bakı Bulvarının Bayraq meydanı hissəsində kiçik adalar meydana gəlib. Xəzərin sularının çəkilməsi ilk növbədə Xəzər dənizinə tökülən çayların suyunun azalması ilə əlaqədardır. Qlobal iqlim dəyişikliyi nəticəsində havanın temperaturu artır və atmosfer yağıntıları azalır. Bu səbəbdən Xəzər dənizinin səviyyəsi kəskin aşağı düşüb və kiçik adalar əmələ gəlib. Yaxın 10 il ərzində bu göstərici daha da artacaq.

Bu sözləri ekoloq Rövşən Abbasov Xəzər dənizində suyun kəskin azalması və çirklənmənin artması barədə danışarkən deyib.

“ETSN-nin Milli İqlim Mərkəzinin məlumatına görə, yaxın 100 ildə Azərbaycan ərazisinə düşən atmosfer yağıntıları kəskin azalacaq. Bu da ilk növbədə Xəzərə tökülən Kür çayının suyunun azalmasına səbəb olacaq. Qazaxıstan və Rusiyada da eyni hal gözlənilir. Son 10 ildə Xəzər dənizi ətrafında yaşayış məskənlərinin, çimərliklərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin, restoranların, istirahət mərkəzlərinin sayı artıb. Xəzər dənizindən gələn kəskin qoxunun səbəbi bu obyektlərdən çıxan çirkab sularının təmizlənmədən Xəzərə axıdılmasıdır. Xüsusən Hövsan, Novxanı, Fatmayı ərazilərində olan yaşayış məntəqələrindən çıxan çirkab suları heç bir təmizləmə işi aparılmadan birbaşa dənizə axıdılır. Çünki mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bunu bərpa etmək isə çox çətindir. Əvvəldən düşünmək lazım idi. Bu ərazilər zəbt olunanda ilk növbədə həmin torpağı satan bələdiyyələr maraqlanmalı idilər ki, bu tikililərin çirkab suları hara axıdılacaq? Kəskin qoxu da dəniz suyu keyfiyyətinin aşağı düşməsinə əsas səbəbdir. Çimərliklərin getdikcə keyfiyyəti azalır. İnsanlar burada xəstəlik tapa bilərlər. Hər il ETSN tərəfindən çimərliklərdə bununla bağlı monitorinq aparılır”, - ekoloq deyib.

Ekoloq bildirib ki, Abşeron çimərliklərindəki özəl hasarlar sökülməlidir:

“Çimərliklərin ərazisi açıq olmalı, Xəzər dənizi azad olunmalıdır. Bu ərazilər ictimai yerlərdir. Hər bir vətəndaşın bu çimərliklərdən pulsuz istifadə etmə hüququ var”./ Axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti