Xəzər Xəbər

Koronavirus dalğaları: Biri digərindən nəylə fərqlənir?

Cəmiyyət | 17:45 • 20 İyul 2021
Koronavirus dalğaları: Biri digərindən nəylə fərqlənir?

Fransa hökuməti də koronavirus pandemiyasının dördüncü dalğasının gəlməsi ilə bağlı məlumat yayıb.

Nazirlər Şurasının iclasının yekunları üzrə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal deyib ki, dördüncü dalğada virusun yayılması digərləri ilə müqayisədə daha sürətli baş verir:

"Biz koronavirus pandemiyasının dördüncü dalğasına qədəm qoyduq. Hazırda virusun yayılma sürəti əvvəlki mərhələlərə nisbətən daha yüksəkdir. Bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb. İndi hər gün təxminən 10 min yeni yoluxma halı qeydə alınır".

Onun sözlərinə görə, yeni yoluxma hallarının 80 faizi "Delta" ştammı ilə əlaqədardır. Fransa kimi bəzi ölkələr də dördüncü dalğanın gəlməsi barədə məlumat yayıblar. Lakin rəsmi olaraq, infeksiyanın 3 dalğasının gəlişi yeni təsdiqlənib.

Müstəxəssislərin fikrincə, virus azalıb yox olana kimi dalğa məsələsi gündəmdə qalacaq və hər dəfə daha çox yoluxma qeydə alındıqda, bu dalğa adlandırılacaq. Ümumilikdə isə virusun dalğaları ilə bağlı çoxsaylı fikirlər mövcuddur. Bəziləri bunu xəstəliyin yayılma tempi, bəziləri fəsil dəyişikliyi, bəziləri isə mutasiyalarla əlaqələndirirlər.

Maraqlıdır ki, indiyədək qeydə alınan dalğalar bir-birindən nə ilə fərqlənib?

Bununla bağlı araşdırma apardıq. Koronavirusun ilk dalğasında dünya ölkələri vəziyyəti nəzarət altına almaq üçün çoxsaylı tədbirlər görməyə başlamışdı. Çünki ilk başda yoluxma və ölüm sayını dayandırmaq mümkün olmurdu.

Xəstəlik o dərəcə dəhşətli hal almağa başlamışdı ki, hətta virusdan yolda ölənlərin də kadrları yayılırdı. Xəstələri sağaldan həkimlər, yemək təminatı həyata keçirən kuryerlər, insanları qorumaq üçün post quran polislərin belə ölüm halları barədə bir çox ölkədə məlumatlar yayılırdı. Lakin ötən ilin iyun ayının sonunda vəziyyətin stabilləşməsi müşahidə olundu və ölkələr də sərt karantindən çıxmaq yolunda addımlar atdı.

Lakin məhdudiyyətlərin yumşaldılması ilə yoluxma sayında daha da artım qeydə alınmağa başladı. Artıq sentyabr və oktyabr aylarında ölkələr ikinci dalğanın gəlişi ilə bağlı xəbərdarlıq yaymağa başladılar. Almaniya isə ikinci dalğanın gəlişini daha tez elan edən ölkə oldu.

Belə ki, 5 avqust tarixində ölkə ikinci dalğanın gəlməsi, lakin bunun digər dalğa ilə müqayisədə daha yüngül keçdiyini açıqladı. ÜST ikinci dalğanın daha dağıdıcı olacağını desə də, bu dalğada ölüm sayı azlığı, yoluxma isə çoxluğu ilə seçildi.

Məsələn, təkcə ölkəmizdə 13 dekabr tarixində yoluxma rekord saya - 4451-ə yüksəldi. İkinci dalğadan ən çox zərər çəkən ölkə isə Hindistan oldu. Ölkədə gündəlik yoluxma sayı demək olar ki, hər gün artmağa başladı. Hazırda ölkələrin yeni bəlası hesab edilən koronavirusun yeni mutantı- "Delta" ştammı da bu ölkədən yayılmağa başlayıb və 100-dən artıq ölkədə qeydə alınıb.

Virusun fərqli ştammlarının gəlişi üçüncü dalğa ilə bağlı söyləntiləri gündəmə gətirib. Bu günlərdə isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qabreyesus deyib ki, dünya ölkələri COVID-19 pandemiyasının yeni- üçüncü dalğasının başlanğıcındadır.

O bildirib ki, hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır. Təşkilat rəhbərinin sözlərinə görə, koronavirusdan ölüm halları 10 həftə davam edən azalmadan sonra ilk dəfə artmağa başlayıb. O əlavə edib ki, yoluxmanın artmasının əsas amillərindən biri koronavirusun "Delta plus" ştammının yayılmasıdır./Cebhe.info

Xəbər lenti