Xəzər Xəbər

Kondisioner alarkən nələrə diqqət etməliyik? – AİB sədrindən açıqlama

Cəmiyyət | 13:28 • 16 İyun 2021
Kondisioner alarkən nələrə diqqət etməliyik? – AİB sədrindən açıqlama
"Kondisioner bazarında vəziyyət ildən-ilə yaxşılaşır. Əvvəl daha çox şikayət gəlirdi”.
 
Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. O bildirib ki, buna baxmayaraq, bazarda müəyyən problemlər də mövcuddur:
 
"Vətəndaş 30 kvadrat metrlik mənzilini soyutmaq istəyir. Kondisioner alan zaman bildirirlər ki, məhsul 40 kvadrat metri də əhatə edə bilər. İstehlakçı başa düşmür ki, kondisionerin sənədində kub metr göstərilir. Əslində 30 kvadrat metrlik mənzilə 40 kub metrlik kondisioner uyğun olmur. Satıcı qeyd edilən ölçünün kub metr olduğunu demir, yəni evin hündürlüyü nəzərə alınmayıb. İstehlakçılar sənədləri nəzərdən keçirən zaman evin həcmini düşünməlidirlər. Çox təəssüflər olsun ki, Azərbaycana gətirilən kondisionerlərin sənədlərində bu məsələ aydın qeyd olunmayıb və gizlədilir. Bu istiqamətdə də aldadılma halları müşahidə edilir”.
 
Müsahibimiz hazırda keyfiyyətsiz kondisionerlər satan, vətəndaşları aldadan şirkətlərin olduğunu qeyd edib:

"Adətən kreditlə alınan kondisionerlər müəyyən problemlərə səbəb olurdu. Yəni, kondisioner istehlakçının tələbatını ödəmir və onu qaytarmaq istəyir. Lakin kredit ödəmə vaxtı çatanda onu məhkəməyə verirlər və istehlakçı ümumiyyətlə öz hüquqlarını müdafiə edə bilmir. Düzdür, bu istiqamətdə hazırda şikayət yoxdur, amma hər il bu cür problemlər özünü göstərir. Ümumiyyətlə isə, təkcə kondisionerlər deyil, mürəkkəb texniki cihazlarla bağlı şikayətlər çox gəlir”.

E.Hüseynov bildirib ki, bir neçə qanunvericilik aktına görə, o cümlədən İstehlakçıların müdafiəsi və hüquqları haqqında qanuna uyğun olaraq, ölkənin əmtəə bazarına çıxarılan bütün malların sənədlərində xarici dillə yanaşı, Azərbaycan dilində də məlumatlar öz əksini tapmalıdır: "Əgər kondisionerlərin sənədində öz dilimizdə məlumat yoxdursa, bu qanun pozuntusudur. Təəssüf ki, bu problem də müşahidə edilir. Kondisioner alan zaman istehlakçılar ilk növbədə onun istehsal olunma tarixinə baxsınlar”./ Sfera.az

Xəbər lenti