Xəzər Xəbər

Nəsli kəsilməkdə olan 15 nadir növün “Qırmızı kitab”a salınması tövsiyə olunub

Cəmiyyət | 11:40 • 16 İyun 2021
Nəsli kəsilməkdə olan 15 nadir növün “Qırmızı kitab”a salınması tövsiyə olunub

“Qırmızı kitab”ın 3-cü nəşrinə dair məlumatların toplanması çərçivəsində AMEA Botanika İnstitutu tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib. Bu məqsədlə İnstitutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının əməkdaşlarının iştirakı ilə Lənkəran və Lerik rayonlarında çöl-tədqiqat işləri aparılıb.

İnstitutdan xezerxeber.az-a verilən xəbərə görə, tədqiqatların məqsədi Lənkəran və Lerik rayonlarında nadir və itmə təhlükəsində olan növlərin monitorinqinin aparılması olub. Aparılan işlər zamanı bu növlərin yayılması, fenologiyası, fitosenotik xüsusiyyətləri və senopopulyasiyalarının müasir vəziyyəti tədqiq olunub. Nəticədə 15 nadir növün (Orchis fraqrans, Crocus caspicus, Scutelleria grossheymii, İris grossheymii, İris lycotis və s.) yayıldığı yerlər dəqiqləşdirilib, GPS koordinatları qeydə alınıb, onlara təsir edən faktorlar müəyyən edilib. Tədqiqatlar göstərib ki, bu rayonlarda rast gəlinən nadir növlər antropogen təsirlərə (infrastrukturun genişlənməsi, mal-qaranın otarılması) məruz qalır. Endem, eləcə də dərman və dekorativ xüsusiyyətlərinə görə tədqiq olunan növlərin Azərbaycanın "Qırmızı kitab"ının 3-cü nəşrinə salınması tövsiyə olunur.

Xəbər lenti