Xəzər Xəbər

Yay məktəbi necə təşkil ediləcək?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri detallı açıqlama verdi
Cəmiyyət | 16:31 • 11 İyun 2021
Yay məktəbi necə təşkil ediləcək?

Yay məktəbi tədris ilinin uzadılması anlamına gəlməməlidir. Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində fasilələr yarandı. Bu fasilələrin fəsadlarının aradan qaldırılması (fəsadlar deyərkən, yalnız tədris mövzularındakı fəsadlar deyil, emosional durum da nəzərə alınmalıdır), 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsinin distant (məsafədən) formada təşkili nəzərə alınaraq iyunun 16-dan 30-dək ümumi təhsil müəssisələrində yay məktəbinin təşkilinə qərar verilib.

Xezerxeber.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Mehriban Vəliyeva deyib ki, ödənişsiz və könüllülük əsasında təşkil olunan yay məktəbində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib: "Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin I-X sinif şagirdlərinin iştirak etdiyi yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat, V-X siniflərdə isə həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunması nəzərdə tutulur".

Mehriban Vəliyevanın sözlərinə görə, Təhsil Nazirliyinin 16 iyundan başlayaraq 2 həftə ərzində təşkil edəcəyi yay məktəbinin cədvəli elə tərtib olunub ki, şagirdlərin fiziki və zehni inkişafının balanslaşmasına imkan yaransın: "Yay məktəbində məşğələlər tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılacaq. Fənlərə ayrılmış saatlarda il ərzində keçilmiş bölmə və bəhslərin ümumiləşdirilməsi aparılır, zəruri bilik və bacarıqlar möhkəmləndirilir, mürəkkəb mövzular təkrar edilir. Məşgələlərdə kompleks mövzularla bağlı tapşırıqlar işlənilir, şagirdlərin oxuyub-anlama, dinləyib-anlama, danışıq və yazı fəaliyyətlərinə xüsusi yer verilir. Oyun əsaslı öyrənmə, sosial-emosional inkişafa dəstək diqqətdə saxlanılır, acıq havada dərslər keçirilir. Ekskursiyalar, muzey dərsləri və onlar əsasında fənlərarası inteqrasiyanı təmin edən fəaliyyətlər nəzərdə tutulur. Şagirdlərin birgə öyrənmə fəaliyyətlərinə cəlb edilməsinə xüsusi yer verilir. “Rəqəmsal bacarıqlar” və STEAM layihələri tətbiq olunan ümumi təhsil məktəblərində qeyd olunan fənlərdən əlavə həftədə iki dəfədən az olmamaq şərtilə müvafiq sahələr üzrə ustad dərsləri təşkil olunur. Statistik təhlillər aparmaq, esse yazmaq, xarici dildə reklam hazırlamaq və digər bu kimi fəaliyyətlərin tətbiq olunduğu yay məktəbi şagirdlərin bacarıqlarının inkişafı baxımından olduqca faydalı olacaq".

Xəbər lenti