Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Milli Qəhrəman yaşasaydı bu gün 48 yaşı olacaqdı...

Cəmiyyət | 83 | 13:45 • 8 May 2021
Milli Qəhrəman yaşasaydı bu gün 48 yaşı olacaqdı...

Bu gün şəhid polkovnik, Azərbaycan Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür.

XəzərXəbər xəbər verir ki, 1973-cü il may ayının 8-də Gürcüstanın Qardabani rayonunda anadan olmuş polkovnik elə həmin rayonda da orta təhsil alıb.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ Müharibəsinin başlanmasına səbəb oldu. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) verib. 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) qəbul olunub və 1995-ci ildə oranı “Motoatıcı" ixtisası üzrə bitirib.

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 

O, 2001-ci ildən başlayaraq bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən "mayor" hərbi rütbəsi alıb.

O, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində də xidmət edib.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. 

2020-ci il iyulun 12-dən başlayan Tovuz döyüşlərində də İlqar Mirzəyev qəhrəmancasına vuruşub.

İ.Mirzəyev2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qeyd edək ki, İlqar Mirzəyev və onunla birgə şəhid olan general-mayor Polah Həşimovun ölümü xalqımızı ayağa qaldırdı. Minlərlə vətəndaş küçələrə çıxaraq, müharibə çağırışları səsləndirib 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azadlığı üçün döyüşə hazır olduqlarını bəyan etdi.

Uzun zaman keçmədən – 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən savaş sonda Zəfərlə başa çatdı.

Xəbər lenti

DİN azarkeşlərə müraciət etdi
24 | 13:52 • 12 İyun 2021

Çox oxunanlar