Xəzər Xəbər

Ermənistan Oxçuçayı çirkləndirməkdə davam edir

Cəmiyyət | 19:13 • 7 Aprel 2021
Ermənistan Oxçuçayı çirkləndirməkdə davam edir

Ermənistan Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirməkdə davam edir.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib.

O deyib ki, bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə, Oxçuçayda nikkel, dəmir və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb: "Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına qovuşur. Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur".

Mehman Nəbiyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çaylarda aparılan montorinqlərin nəticələrinə görə, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə, bu çaylarda nikkelin miqdarı 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə iki dəfə normadan artıq aşkarlanıb.

O bildirib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb: "Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusilə, qiymətli növ olan farel balıqların kütləvi məhv olunması aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Kacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresusları və ekosisteminə ciddi təhdid yaradır".

Xəbər lenti