Xəzər Xəbər

Koronavirusa yoluxanlar çoxalır VACİB AÇIQLAMA

Cəmiyyət | 17:15 • 8 Mart 2021
Koronavirusa yoluxanlar çoxalır

Son günlər koronavirus infeksiyasına  yoluxanların sayı yenidən artıb. Bəzi ekspertlər belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsinin qaçılmaz olduğunu söyləyirlər.

Yaranmış durumla bağlı nə kimi tədbirlər görülməlidir, sərt karantin rejiminə keçilmək doğru və yeganə yoldurmu?

"Yeni Müsavat"ın bu və digər suallarına  həkimlərin mövqeyini öyrəndik.

Həkim-infeksionist Nilufər Məmmədova bizimlə söhbətdə bildirib ki, hazırda ölkədə epidemioloji vəziyyət narahat doğuracaq səviyyədə deyil: "Azərbaycanda mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Mərhələli olaraq qapanmaların, yenidən açılmaların olacağını öncədən biz gözləyirdik. Təbii ki, tam qapanma ciddi sosial-iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə qapanma əksər ölkələr üçün daha uyğundur. Karantin rejiminin ləğv olunduğu zaman yoluxma sayında artımın olması gözləniləndir. Düşünürəm ki, son günlər müşahidə edilən yoluxma sayı stabil qalsa, yenidən tam qapanmaya ehtiyac qalmayacaq.

Əgər rəqəmlərdə ciddi bir artım müşahidə edilərsə, həkimlər, tibb işçiləri yüklənmiş formada çalışarlarsa, yenidən qapanmalar ola bilər".

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev də mövzu ilə bağlı danışıb: "Bir az artma var, amma bunu çox da böyük rəqəm kimi ifadə etmək lazım deyil. Artırsa və ya bundan sonra arta bilərsə, bunun müxtəlif səbəbləri ola bilər. Koronavirusa yoluxma hallarının artması yumşaldılma tədbirlərindən sonra insanlarda yaranan arxayınlıqla əlaqədardır. Kafe-restoranların, ictimai iaşə müəssisələrinin açılması, insanların belə yerlərə getməsi, maskaya münasibətin belə yerlərdə bir az arxa plana düşməsi də burada rol oynaya bilər.

Bir çox ölkələrdə, eləcə də qonşu Türkiyədə koronavirusun daha sürətlə yayılan mutasiyalarına rast gəlinir. Ancaq Azərbaycanda aparılan tədqiqatlarda yeni ştammlar aşkarlanmayıb. Ona görə xəstəlik sayının artmasını böyütməyək. Bir az artım var. Ancaq vətəndaşlar daha diqqətli olmalıdırlar ki, sərt  tədbirlərin görülməsinə getməyək”.

Professor qapanmaların olmasını labüd sayır: "Nə qədər ki pandemiya var, periodik olaraq qapanmalar gözləniləndir. Ancaq hazırda qapanmaların olub-olmayacağını söyləmək çətindir. Onu zaman göstərəcək. Əhalinin qoyulan tələblərə necə riayət etməsi burda mühüm rol oynayacaq”.

Xəbər lenti

Çox oxunanlar