Xəzər Xəbər

Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni modellər təklif olunub

Cəmiyyət | 11:25 • 22 Dekabr 2020
Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni modellər təklif olunub

Industry 4.0, kiberfiziki sistemlər, sosial media, interaktiv və tranzaksiya e-xidmətlər, Big data və bulud mühitləri kontekstində tamamilə yeni informasiya təhlükəsizliyi təhdidləri meydana çıxır. Bundan əlavə, ənənəvi təhdidlərin aktorları, onların məqsəd və motivisiyası, aktorların malik olduğu hücum potensialında ciddi keyfiyyət dəyişiklikləri baş verir.


Xezerxeber.az xəbər verir ki, bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev müəssisənin 2020-ci il üzrə mühüm elmi nəticələrinin müzakirəsinə həsr olunmuş iclasda məlumat verib.


Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün təklif olunmuş yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modelləri barədə danışan alim bildirib ki, təhdidlər konkret hədəflərə yönəlməklə yüksək səviyyədə təşkil və koordinasiya edilir, yeni hücum taktikaları və strategiyaları tətbiq edirlər. İnformasiya texnologiyalarının inkişafı ilə kiber-hücumlar və informasiya müharibələri dövlətə, onun strateji obyektlərinə, dövlət təşkilatlarına və özəl sektora, vətəndaşlara təsir vasitəsi kimi daha geniş miqyasda istifadə edilir. Beləliklə, informasiya təhlükəsizliyi məsələləri dövlətlər üçün prioritet məsələyə çevrilir, təkcə informasiyanın konfidensiallığının, tamlığının və əlyetərliyinin təmin edilməsi ilə əlaqədar texnoloji problemləri deyil, ölkənin milli maraqlarına, milli-mənəvi dəyərlərinə, ictimai rəyə, vətəndaşların fərdi məlumatlarına qarşı yönəlmiş müxtəlif təhdidlərin neytrallaşdırılması məsələlərini də əhatə edir. Bu evolyusiya proseslərinin nəticəsində informasiya təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin vacib komponentinə çevrilir.


Tədqiqat işində milli təhlükəsizliyin mahiyyətinə, məzmununa dair müxtəlif yanaşmalar araşdırılıb və informasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentləri arasında qarşılıqlı münasibətlər analiz edilib. Milli təhlükəsizliyin müxtəlif komponentlərində, o cümlədən, ictimai, siyasi, mədəni-mənəvi, hərbi, iqtisadi təhlükəsizlik sahəsində İKT-nin tətbiq sahələri, informasiya təhlükəsizliyi təhdidləri müəyyən edilərək onların aradan qaldırılması yolları göstərilib.


Y.İmamverdiyev diqqətə çatdırıb ki, təhdidlərin spektrinin genişlənməsi və mürəkkəbliyinin artması onlarla mübarizədə bir-biri ilə sıx inteqrasiya olunmuş vahid milli platformanın yaradılmasını tələb edir. Bu baxımdan aparılmış tədqiqatın nəticələri, milli informasiya təhlükəsizliyi üzrə yeni konsepsiyaların, strategiyaların və proqramların hazırlanmasında istifadə edilə bilər.

Xəbər lenti