Xəzər Xəbər

Ermənistan üçün “qara oktyabr” – Düşmənin son bir aydakı itkiləri

Cəmiyyət | 14:52 • 27 Oktyabr 2020
Ermənistan üçün “qara oktyabr”

İşğal altında olan torpaqların azad edilməsi məqsədilə başlanılan hərbi əməliyyatlardan bir ay ötür. Bu müddət ərzində Azərbaycan ordusu uğurlu döyüş əməliyyatları həyata keçirib, işğal altında olan torpaqların bir hissəsi azad edilib və Ermənistan ordusunun çoxlu sayda hərbi vasitələrini sıradan çıxarıb.


XəzərXəbər rəsmi məlumatlara əsasən bildirir ki, bir ay müddətində Ermənistanın 253 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb. Ermənistan toplamda 308 tankdan məhrum edilib. Bu müddətdə 50 piyadaların döyüş maşını (PDM) məhv edilib, 29-u qənimət kimi götürülüb. Ümumi PDM itkisi 79 ədəddir. Müxtəlif çaplı 258 top məhv edilib, 24-ü qənimət kimi götürülüb.


Ermənistan cəmi 282 topdan məhrum olunub. Düşmənin 61 minaatanı məhv edilib, 45-i qənimət kimi götürülüb. Ümumilikdə 106 minaatan itirilib. Bir ay ərzində 53 ədəd tank əleyhinə vasitə, 83 "Qrad” qurğusu, 2 ədəd "Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 ədəd "TOS” məhv edilib. Zenit-raket komplekslərindən 4 "TOR”, 40 "OSA”, 4 "KUB”, 1 ”KRUQ”, 2 "S-125” qurğusu məhv edilib. Zenit-raket kompleksləri arasında "S-300” ən bahalı qurğulardan biridir, bir ay ərzində 6 ədəd "S-300” atıcı qurğusu məhv edilib.


Əməliyyat taktiki raket kompleksləri olan 2 ədəd Elbrus, 1 ədəd"Toçka-U” məhv edilib. Bir ay ərzində düşmənin 237 yük avtomobili məhv edilib, 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Düşmən toplam 410 yük avtomobilindən məhrum edilib.


Məhv edilən hərbi texnika və silah düşmənin sahib olduğu hərbi vasitələrin 80 faizindən çoxunu təşkil edir. Bu qədər itki düşmənin müqavimət qabiliyyətini xeyli zəiflədib. Buna görə də son günlərdə Azərbaycan ordusu işğal altında olan torpaqları daha sürətlə azad edir.


Hərbi texnika və atəş vasitələrinin məhv edilməsi Ermənistanın müdafiə qabiliyyətini zəiflətməklə bərabər işğalçının iqtisadi imkanlarını da ağırlaşdırır.


Ermənistanın döyüşdə istifadə etdiyi tankların əksəriyyəti "T-72” model tanklardır. Bu tankın bir ədədinin bazar dəyəri 1,5-2 milyon dollar səviyyəsindədir. Minimum qiymətlə itirilən tankların dəyəri 462 milyon dollardır. Digər zirehli texnikalardan BMP 1, BMP 2 kimi vasitələrdən istifadə olunub. Onların bazar dəyərinin 1-1,5 milyon dollar olduğu bildirilir. Bu qiymətlərlə itirilən digər zirehli texnikanın dəyəri 80 milyon dollar təşkil edib.


Ermənistan ordusunun bir ay ərzində itirdi artilleriya və yaylım atəşki raket sistemlərinin qiyməti 300 milyon dolları ötür.


Ermənistan ordusunun dəyər ifadəsində ən böyük itkisi hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Bir ədəd "OSA” sisteminin dəyərinin 10-15 milyon dollar olduğu bildirilir. Vurulan "S-300” vasitələrinin qiyməti isə daha yüksəkdir. Bu sistemə aid bir atış vasitəsinin qiyməti 40-50 milyon dollar dəyərindədir. Azərbaycanın zərbələri nəticəsində Ermənistanın 800 milyon dollardan artıq dəyərdə hava hücumundan müdafiə vasitələrinin məhv edildiyi məlum olur.


Hərbi əməliyyatlar başlayan müddətdə Ermənistan tərəfi xeyli sayda hərbi sursatdan istifadə edib, eyni zamanda Azərbaycanın dəqiq zərbələri ilə 20 yük avtomobili dolu sursatı, 10 ədəd silah-sursat anbarı və digər vasitələr məhv edilib.


Avtonəqliyyat vasitələri, döyüş sursatları da nəzərə alınarsa bir ay ərzində Ermənistan ordusunun hərbi texnika və döyüş vasitələri sarıdan itkisi 2 milyard dolları ötür. Başqa sözlə, Ermənistan ordusu hər gün 70 milyon dollar dəyərində hərbi vasitədən məhrum olub.


İllik məhsul istehsalı 13 milyard dollar, dövlət büdcəsi 3,9 milyard dollar, müdafiə xərcləri 550-600 milyon dollar olan ölkənin 2 milyard dollar dəyərində hərbi vasitədən məhrum olması böyük itkidir. Bu məbləğ Ermənistan üçün olduqca yüksəkdir. Ermənistanın bir günlük hərbi büdcəsi 1,6 milyon dollardır. Bunun yarıdan çoxu hərbi qulluqçuların saxlanması xərcidir. Ermənistan hər gün itirilənlərin əvəzinə 600-700 min dollar xərcləyə bilər ki, bu da itirilənləri zərrə qədər də kompensasiya etmir.


Ermənistanın valyuta ehtiyatları da məhduddur. Son məlumatlara əsasən dövlətin Mərkəzi Bankının 1,5 milyard dollar valyuta ehtiyatı var. Bu ehtiyatlardan istifadə etmək imkanı da çox azdır. Çünki valyuta ehtiyatları Ermənistan dövlətinin 8 milyard dollardan artıq olan xarici dövlət borcunun maliyyələşməsi üçün təminatdır.


İqtisadi və maliyyə statistikası göstərir ki, sentyabrın 27-də başlanan və bir aydır davam edən aktiv hərbi qarşıdurma Ermənistana ağır maddi zərər yetirib.


Mövcud vəziyyətin iqtisadi və hərbi nöqteyi-nəzərdən təhlili göstərir ki, müharibənin bir ay aktiv məcrada qalması Ermənistan üçün uzun müddət qapanmayan ağır yara yarada bilər.



Sfera.az

Xəbər lenti

Çox oxunanlar