Xəzər Xəbər

Kompüter, planşet və telefondan istifadə edən uşaqlarda gözqırpma sayı azalır

Cəmiyyət | 18:38 • 24 İyul 2020
Kompüter, planşet və telefondan istifadə edən uşaqlarda gözqırpma sayı azalır

Texnologiyalar uşaqların gözünə təsirsiz ötüşmür. Saatlarla telefona və ya kompüterə baxan balacalar sonralar onun fəsadları ilə üzləşirlər. Azyaşlıların müasir texnologiyalardan istifadəsi məsləhət görülməsə də, məktəbyaşlı uşaqlar kompüterdən yararlana bilərlər. Bu zaman hər yarım saatdan bir 15 dəqiqə fasilə verməklə uzaq məsafəyə baxaraq gözə istirahət vermək məsləhətdir.


Həkimlərin dediyinə görə, televizor qarşısında həddindən çox vaxt keçirən və planşetdən istifadə edən uşaqlarda görmə qabiliyyəti zəifləyir. Ümumilikdə isə 2 yaşa qədər uşaqların telefondan istifadə etməsi məsləhət deyil.


Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova deyib: ”Uşaqlar normal halda bir dəqiqədə gözlərini 16-18 dəfə qırpmalıdır. Kompüter, planşet və telefondan istifadə edən uşaqların gözqırpma sayı azalaraq 10 dəfəyə qədər düşür, eyni zamanda gözdə quruluq, qaşınma, diskomfort və yaşarma hallarına rast gəlinir”.


Göz ətraf təsirə qarşı ən həssas orqan olduğuna görə həkimlər valideynlərə diqqətli olmağı məsləhət görürlər. Uşaqların əl gigiyenasına, eləcə də onların telefon və planşetlərdən istifadəsinə diqqət yetirməlidir.


Təcrübə göstərir ki, uşaqlar arasında göz tənbəlliyi, çəpgözlük, miopiya, hiperopoya və astiqmatizm kimi göz xəstəlikləri üstünlük təşkil edir. Ona görə ildə bir dəfə onların gözlərini müayinə etmək tövsiyə olunur.

Xəbər lenti