Bakıda Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə təntənəli Novruz şənliyinin məşqi
keçirilib. Ənənəvi olaraq şənlikdə Dədə Qorqud xeyir-dua verib, Bahar
qızı iştirakçıları salamlayıb. Keçəl və kosa mərasimə xüsusi ovqat
gətirib.
XəzərXəbər xəbər verir ki, Qız Qalasından başlayıb Dənizkənarı Milli Park boyunca
davam edəcək şənliyin son hazırlıqları tamamlanmaq üzrədir. Bayram
tədbiri rəngli görüntüləri, çal-çağırı ilə yadda qalacaq.
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev hazırlıq prosesi ilə tanış
olmaq üçün məşqlərdə iştirak edib. Nazir müavini bayram şənliyinə
hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və
qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
O,
bildirib ki, Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı və
qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı hər il olduğu
kimi, bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacaq:
"Azərbaycanın bütün rayonlarının bədii özfəaliyyətini, məişətini, sənət
növlərini burada xalqımıza təqdim etməyə çalışacağıq. Regionlarla
yanaşı, burada xalqımızın mətbəx mədəniyyəti, xalq oyunları təqdim
olunacaq, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim ediləcək".