Xəzər Xəbər

Zərnigar Ağakişiyeva Qubada son mənzilə yola salınıb

Cəmiyyət | 16:52 • 9 Fevral 2018
Zərnigar Ağakişiyeva Qubada son mənzilə yola salınıb

Azərbaycanın Xalq Artisti Zərnigar Ağakişiyeva fevralın 9-da Qubada dəfn olunub.

Şəhər qəbiristanlığında keçirilən dəfn mərasimində mərhumun sənət yoldaşları, qohumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və şəhər sakinləri iştirak edib.

72 yaşında ürək çatışmazlığından dünyasını dəyişən sevimli aktrisamız vəsiyyətinə uyğun olaraq valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib, bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb.

1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Aleksandr Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunda çıxış edib. Bir il sonra teatrın aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyevanın yaratdığı bütün obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Xalq Artisti Tatyana (M.Qorki, "Meşşanlar”), Xuraman (S.Vurğun, "Vaqif”), Şəfəq (S.Dağlı, "Kölgələr pıçıldaşır”), Zeynəb (B.Vahabzadə, "Kimdir haqlı?”), Zivər (Anar, "Təhminə və Zaur”), Fəxrəndə xanım (İ.Əfəndiyev, "Mahnı dağlarda qaldı”), Pəri xanım (M.F.Axundzadə, "Lənkəran xanının vəziri”), Qadın (Elçin "Poçt şöbəsində xəyal”), Yasəmən (S.S.Axundov, "Eşq və intiqam”), Ana (B.Vahabzadə, "Dar ağacı”), Kərbəlayi Fatma (C.Məmmədquluzadə, "Ölülər”) və digər obrazlara tamaşaçıların yaddaşında dərin iz buraxıb.

Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə çəkilən Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Azərbaycanın Xalq Artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə "Şöhrət” ordeni ilə təltif edilib, 2015-ci ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb. Z.Ağakişiyeva Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Xəbər lenti