Ailə insanın
sosiallaşması, tərbiyəsi və psixoloji dəstək alması, müəyyən həyat tərzi
və münasibətlərinin formalaşmasını şərtləndirən institutdur. Buna görə
də cəmiyyət möhkəm, mənəvi və əxlaqi baxımdan sağlam ailənin
mövcudluğunda maraqlı olmalıdır. Ailə formalaşdığı zamanlardan bəri
təsərrüfat, iqtisadi, reproduktiv, təbiyəvi funksiyalarla yanaşı,
bərpaedici funksiyaya da malikdir.
Ailə psixoterapevtik mühitdir və bərpaedici funksiyası dedikdə, ilk
növbədə bu cəhət nəzərə alınır. İnsanlar dərdlərini, kədərlərini ailədə
unudurlar. Həyat yoldaşının xoş sözü və ya mehriban baxışı xoş təsir
bağışlayır.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsindən
AzVision.az-a verilən məlumata görə, müasir dövrdə qohumluq münasibətlərinin sürətlə zəifləməsi halları müşahidə olunur.
"Bu
urbanizasiyanın nəticəsi, şəhər həyat tərzinin xüsusiyyətləri və s. ilə
izah edilir. Ailədə uşaqların ata-ana ilə ünsiyyət tələbatı çox vaxt
təmin olunmur. Ailə münasibətlərinin zəifləməsində kütləvi informasiya
vasitələrinin, sosial şəbəkənin də rolu az deyil. Ailə üzvləri çox vaxt
bir yerə yığışıb yeni hadisələr barəsində fikir mübadiləsi etmirlər.
Sosioloq və demoqrafların fikrincə, televiziya kanallarının sayının
artması, kabel televiziyalarının yayılması, sosial şəbəkələrin
populyarlığı, mobil rabitə, internet resurslarından istifadə fərdi vaxt
keçirmə tərzinə çevrilir. Bu şəraitdə ailənin bərpaedici funksiyasının
əhəmiyyəti artır. Ailənin hər bir üzvü –istər ata, istər ana, istərsə də
uşaqlar üçün psixoloji komfort yaradılmalıdır. Əvvəllər bu haqda xüsusi
düşünməyə ehtiyac yox idi, ənənəvi ailə ər-arvadın, böyüyün-kiçiyin
yerini dəqiq müəyyən edən adət və ənənələr üzərində qurulurdu. Ailə
üzvlərinin adət-ənənələrə münasibəti məhz əxlaqi kateqoriyalarla
qiymətləndirilirdi”.
Məlumatda bildirilib ki, ailə inkişaf
etdikcə, ayrı-ayrı inkişaf mərhələlərində özünəməxsus sosial-psixoloji
xüsusiyyətlər kəsb edir və problemlərlə rastlaşır. "Sosial-iqtisadi
proseslər ailə həyatına dolayısı – psixoloji (ər və arvadın fərdi
xüsusiyyətləri, ailə münasibətlərinin xüsusiyyətləri və s.) təsir
göstərir. Bu məsələləri güzəran təcrübəsi əsasında həll etmək əslində
mümkün deyil. Ailəyə psixoloji səviyyədə kömək göstərilməlidir. Ailədə
meydana çıxan çətinliklərin vaxtında aydınlaşdırılması, ailə həyatının
böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin
psixi sağlamlığının qorunmasına xidmət etmiş olar.
Ailə
xidmətinin təşkilinin başlıca məqsədi ilk növbədə, ailənin
möhkəmlənməsinə, uğurlu ailə kimi inkişaf etməsinə kömək göstərməkdən
ibarətdir. Hər bir ailə təkrarolunmazdır. Ailə xidməti üçün bu fakt
prinsipial əhəmiyyətə malikdir. Psixoloqlar hər bir ailəyə və onun
üzvlərinə fərdi yanaşır, geniş psixoprofilaktik iş aparır, ailənin
dağılmasını, ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində
alkoqolizmin, sinir xəstəliklərinin yaranmamasını şərtləndirən
sosial-psixoloji səbəbləri müəyyənləşdirib aradan qaldırmalıdır”.
Komitədən
bildirilib ki, son zamanlar ailə problemləri ilk növbədə sinir və psixi
xəstəliklərin profilaktikası, ailə tərbiyəsi məsələləri mütəxəssislərin
diqqətini daha çox cəlb edir.