Xəzər Xəbər

Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh üçün əsas şərtdir VİDEO

Veb TV | 21:41 • 16 May 2025
Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh üçün əsas şərtdir

"15 may tarixində Ermənistan Baş naziri Albaniyada Azərbaycan İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə Minsk qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib".

Xezerxeber.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Ayxan Hacızadə deyib ki, Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır.

XİN rəsmisi həmçinin qeyd edib ki, 1991-ci ilin sərhədləri və Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə izahat verməsi daha yaxşı olardı.

"Ermənistan Baş nazirinin bu problemlərin gözardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun rəsmi ləğvinə qarşı olan cəhdləri, prosesi sülh sazişi ilə bağlamağa çalışması, bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur", -deyə Ayxan Hacızadə vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar