Xəzər Xəbər

Avtomobili olmayan şəxsə davamlı cərimə protokolları gəlir ŞİKAYƏT/VİDEO

Veb TV | 21:50 • 29 Aprel 2025
Avtomobili olmayan şəxsə davamlı cərimə protokolları gəlir

Ucar sakini Rövşən Şirəliyevin ünvanına ardıcıl cərimə protokolları gəlir. Amma Rövşən Şirəliyev protokolda qeyd edilən dövlət nömrə nişanlı avtomobilin ona aid olmadığını deyir. Dediyinə görə, ümumiyyətlə, hazırda maşını yoxdur, amma adına cərimə protokolları gəlir.

Xezerxeber.az-ın məlumatına görə, Rövşən Şirəliyev bildirir ki, onun ünvanına göndərilən 10-CO-083 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşınının cərimələri yanlışdır. İddiasına görə, onda elə maşın olmayıb.

Rövşən Şirəliyev bildirir ki, əvvəllər onda “VAZ 2106”  markalı 10-CG-083 dövlət qeydiyyat nişanlı avtomobili olub. Bununla bağlı rayon ərazisində xidmət göstərən yol patrul xidmətinin əməkdaşlarına məlumat verib. Ancaq heç bir nəticəsi olmayıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, araşdırmalar zamanı məlum olub ki, Rövşən Şirəliyevin ünvanına gələn protokollarda qeyd olunan 10-CO-083 nömrəli minik maşını illər öncə həmin şəxsin olub və hələ də onun adına avtomobili idarə etmək üçün etibarnamə var. “Sonuncu etibarnamə həmin şəxsin adına olduğu üçün cərimə protokolları da Rövşən Şirəliyevin ünvanına gedir. Burada hər hansı bir çaşqınlıq yoxdur”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, yol hərəkəti üzrə ekspertlər isə bildirir ki, belə olan təqdirdə vətəndaş avtomobilin qeydiyyat şəhadətnaməsi üzrə sahibini tapmalı və notarial qaydada onun adına olan etibarnaməni ləğv etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:  

Xəbər lenti