Güclü sel Tovuzun Yuxarı Öysüzlü kəndindəki körpünü dağıdıb, sakinlər çıxılmaz vəziyyətdə qalıblar.
Xezerxeber.az-ın məlumatına görə, təxminən 300-ə yaxın sakinin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsini təmin edən körpü yararsız hala düşüb.
Özəl dayaqlar və torpaq qatı son günlərdə yağan güclü yağışlar və sel səbəbindən yuyulub. Körpünün üzərindəki dəmir döşəmə də ayrıca təhlükə saçır. Məhəccərin olmaması da təhlükəni gücləndirir.
Sakinlər bildirirlər ki, bu vaxta qədər də bir neçə xoşagəlməz hallar baş verib. Körpünün vəziyyəti ilə bağlı aidiyyəti üzrə müraciət etsələr də. nəticə əldə edə bilməyiblər.
Yuxarı Öysüzlü kənd İcra Nümayəndəliyindən isə bildirildi ki, sözügedən körpü sakinlərin istəyi ilə əlavə olaraq quraşdırılıb. Kəndin standartlara cavab verən əsas körpüsü var. Hərəkət oradan təşkil edilməlidir. O ki qaldı körpünün hazırkı vəziyyətinə, bildirildi ki, təmir üçün əllərindən gələn imkanları əsirgəməyəcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: