"Ötən həftə Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş kifayət qədər məhsuldar olub".
Xezerxeber.az-ın məlumatına görə,bu sözləri xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayonla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Mirzoyanla görüş əhəmiyyətli idi, çünki bu, tərəflər arasında sülh sazişinin mətni üzrə razılıq əldə edildikdən sonra ilk görüş olub.
Ceyhun Bayramov deyib ki, Ermənistan konstitusiyasında ərazi iddiaları məsələsi və lazımsız qurum olan Minsk qrupunun ləğvinin vacibliyi bir daha Ermənistanın diqqətinə çatdırılıb. Digər məsələ isə ölkələr arasında nəqliyyat əlaqələrinin açılmasıdır.
Sloveniya XİN rəhbəri də Azərbaycanla Ermənistanı sülh sazişini tez zamanda imzalamağa çağırıb: “Biz hər iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıyıq. Mən sülh sazişinin mətninin yekunlaşdırılmasını alqışlayıram, eyni zamanda, hər iki tərəfi sazişi tez bir zamanda imzalamağa dəvət edirəm. Bu sazişin mühüm əhəmiyyəti olacaq - həm regiona, həm də digər dövlətlərə. Sülh sazişi imzalandıqdan sonra Mərkəzi Asiya və Avropanı, Şərqlə Qərbi birləşdirmək baxımından çox mühüm töhfələri olacaq",-deyə Slovveniya XİN rəhbəri vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: