Özünü bank əməkdaşı kimi təqdim edərək dələduzluq etmək istəyən şəxsin əməli baş tutmadıqda söyüş söyməyə başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, belə bir hadisə Gəncə sakini Fariz Babayevin başına gəlib.
O deyir ki, bir neçə gün əvvəl xarici nömrə ilə zəng gəlib. Danışdığı şəxs özünü ona bank əməkdaşı kimi təqdim edərək guya Fariz Babayevin kartlarına kənardan müdaxilə olduğunu bildirərək onları qorumaq məqsədilə şifrə tələb edib. Lakin Fariz Babayev həmin şəxsin dələduz olduğunu anlayıb və kart məlumatlarını qarşı tərəfə ötürməyib. Bu zaman zəng vuran şəxs Fariz Babayevə söyüş söyüb.
Bəs vətəndaşlar bu tip zənglərin qurbanı olmamaq üçün nələrə diqqət etməlidirlər? İKT ekspertləri bildirirlər ki, bank əməkdaşları tərəfindən vətəndaşlara karta kənar müdaxilənin olması barədə xəbərdarlıq tipli zənglər edilmir, kart məlumatları istənilmir. Bu səbəbdən vətəndaşlara beynəlxalq telefon kodları ilə gələn zəngləri açmamaq, kart məlumatlarını təqdim etməmək tövsiyə olunur.
Daxili İşlər Nazirliyindən də "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlar bank hesablarının qorunması adı ilə gələn zənglərə aldanıb şəxsi məlumatlarını təqdim etməməlidirlər.
Nazirlik bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi kimi təkliflərə diqqətlə yanaşmağı, həmçinin bank kartlarının məlumatlarını heç kəsə verməməyi tövsiyə edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: