Sumqayıtda yüksək sürət ağır qəzaya səbəb olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsü piyadanı vurmamaq üçün maşını sağa çəkib və digər nəqliyyat vasitəsinə çırpılıb. Hadisə gecə saatlarında şəhərin sülh prospektində qeydə alınıb.
Qəzaya səbəb olduğu bildirilən maşın sonradan alovlanıb, əraziyə yangınsöndürənlər cəlb olunub.
Qəza zamanı 2 nəfər – sürücü, 65 yaşlı Yavər Mehtiyev və həmin vaxt yolu keçmək istəyən 22 yaşlı İntiqam Paşayev hadisə yerində dünyalarını dəyişiblər. Hadisə nəticəsində xəsarət alan 3 nəfər isə xəstəxanaya çatdırılıb.
Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Masallıda isə tələbəni avtomobil vurub.
Hadisə rayonun Təzə Alvadı kəndində baş verib. Kənd sakini Aylin Məmmədova axşam saatlarında universitetdən evə qayıdarkən avtobusdan düşüb. Yolu qarşı tərəfinə keçmək istəyərkən, əks tərəfdən gələn mikroavtobus onu vurub. Tələbə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, Aylin Məmmədova Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.