Azərbaycanda daha 5 ali təhsil müəssisəsi publik hüquqi şəxs statusu aldı.
Xezerxeber.az-ın məlumatına görə, bunlar Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutudur. Bununla da ölkədə bu tip universitetlərin sayı 9-a çatdı.
Bəs publik hüquqi şəxs statusu almaq ali məktəblərdə nəyi dəyişəcək?
Təhsil eksperti Elşən Qafarov deyir ki, publik hüquqi şəxs statusu təhsil müəssisələrinin idarəetmə və maliyyə müstəqilliyini artırmaq, dövlət vəsaitlərinin səmərəli istifadəsini təmin etmək, tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədi güdür.
Publik hüquqi şəxs statusu ali məktəblərin maliyyə qərarlarını müstəqil şəkildə qəbul etməsinə və öz resurslarını daha səmərəli istifadə etməsinə imkan verir. Yəni, bu universitetlər dövlətin ayırdığı vəsaiti universitetin ehtiyacları üçün özləri qanunvericiliyə uyğun olaraq xərcləyəcəklər.
Təhsil eksperti həmçinin onu da qeyd etdi ki, indiyə qədər publik hüquqi şəxs statusu almış universitetlər idarəetmə sistemini tam şəkildə qura bilməyiblər. Bu səbəbdən də müsbət nəticələri görmək hələ mümkün deyil.
Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın sədri Hikmət Əlizadə isə bildirib ki, universitetlərin bu sahədə təcrübəsi çox azdır və bu səbəbdən yaxın gələcəkdə unuiversitetlərdə müvafiq işlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.