Hər gün Sumqayıtdan Bakıya gəlmək üçün azı 3 nəqliyyat vasitəsi dəyişən sərnişinlər var.
Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat eksperti Ərşad Hüseynov hesab edir ki, problemin həlli üçün məsələyə yanaşmaları dəyişmək lazımdır.
Onun fikrincə, iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır.
Ekspert deyir ki, müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün 2 çox ciddi amili nəzərə alır - gediş-gəlişə sərf etdiyi vaxt və buna xərclədiyi pul.
Bakı və Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Həlli isə əlavə qatar və avtobusların cəlb edilməsidir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinin imkanlarından yararlana bilərlər. Məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspres avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir. Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə müasir və komfortlu "Neoplan"larla yola düşə bilərlər. Agentlikdən o da bildirildi ki, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir. Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Avtovağzal" metrostansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.