Şəkidə yüksək sürət və ehtiyatsızlığın səbəb olduğu qəza ölümlə nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan Zaqatala rayonu, Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi minik avtomobil Həsən Məhəmmədovun idarə etdiyi yük maşınına çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit xilasedicilər tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Qeyd edək ki, qəza zamanı həyatını itirən avtomobilin sürücüsü Ramin Abdullayev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşıdır.
Beyləqanda da ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Beyləqan-Daşburun yolunda hərəkətdə olan iki minik maşınlarının toqquşması nəticəsində Qabil Xankişiyev həyatını itirib. İmamqulu Kərimov, Ağa Quliyev, Şəhriyar Hüseynov və Elvin Fərzəliyev xəsarət alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.