"Lokal antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır".
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş yerlərdə aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır. Onların əksəriyyəti Ermənistan istehsalıdır.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Ermənistanda yeni istehsal olunmuş mina və partlayıcı qurğular Qarabağa Laçın dövlət sərhədində buraxılış məntəqəsi yaradılmazdan əvvəl gətirilib. Onun sözlərinə görə, faktlar onu deməyə əsas verir ki, qanunsuz silahlı birləşmələrin ağıla gəlməyən yerlərdə belə gizlətdiyi tələ qurğulara rast gəlinə bilər.
480 km-dən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina, partlayıcı və ya partlamamış hərbi sursatlar təsadüf sayıla bilməz.
Hafiz Səfixanov deyib ki, separatçıların tərk etdikləri ərazilərdən tapılan mina və partlayıcı qurğuların video və şəkilləri bu məsələdə Azərbaycana istənilən səviyyədə dəstək göstərməyən beyəlxalq təşkilatlara göndərilməlidir. Ermənistana minalanmış ərazilərin yeni xəritələrini təqdim etmək üçün təzyiqlər artırılmalıdır.
Hafiz Səfixanov əlavə edib ki, Ermənistan insanlıq əleyhinə cinayətlərə son qoymalı, minalanmış ərazilərin xəritələrini azərbaycana təqdim etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: