Xəzər Xəbər

Yevlax görüşü SÜLH üçün düşərli olacaqmı? VİDEO

Veb TV | 20:17 • 21 Sentyabr 2023
Yevlax görüşü SÜLH üçün düşərli olacaqmı?

Xəbər verdiyimiz kimi, səhər saatlarında erməni sakinlərinin nümayəndələri olan avtomobillər Azərbaycan polisinin müşayəti ilə Yevlax rayonuna gəldi.

Görüş Prezident Administrasiyasının dəvəti ilə Yevlax şəhərinə gələn Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirildi.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirdilər.

Qarabağın erməni sakinləri isə Yevlax rayonuna Sergey Martirosyan və David Melkumyanı göndərmişdilər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi isə görüşə iştirakçı kimi qatıldı.

Daha sonra Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri gəldikləri istiqamətə Xankəndiyə üz tutdular.

Görüşün nəticələri ilə bağlı açıqlama da özünü çox gözlətmədi. Rəsmi Bakı təmasların yekununa dair açıqlama yaydı.

Məlum oldu ki, "Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.

Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar