Xəzər Xəbər

"Rusiya bu addımla Azərbaycanla əlaqələrinə zərbə vurur" VİDEO

Veb TV | 21:11 • 4 Dekabr 2022
"Rusiya bu addımla Azərbaycanla əlaqələrinə zərbə vurur"

Dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinin bəyanat və xəbərdarlıqlarına baxmayaraq Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunurdu.

Dünən isə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Rusiya sülhməramlılarının komandanı Azərbaycan adlarının düzgün yazılmamasında Rusiya Müdafiə Nazirliyini günahlandırıb.

Xezerxeber.az-ın məlumatına görə, general-mayor Andrey Volkov bildirib ki, Azərbaycan toponimlərinə hörmətlə yanaşırlar.

“Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq. Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz", - deyə Volkov qeyd edib.

Mövzu ilə bağlı danışan politoloq Məhəmməd Əsədullayev deyir ki, Rusiya tərəfi bu addımı ilə Azərbaycana qarşı qeyri-dost mövqeyi nümayiş etdirir.

Onun sözlərinə görə, Rusiya bu addımla həmçinin erməni separatizminə dəstək verir və Azərbaycanla əlaqələrinə zərbə vurur.

Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunur. Azərbaycan Müdafiə Nazirliyi bir daha israrla bildirib ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi yolverilməzdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti