Xəzər Xəbər

Sülhməramlıların yerləşdiyi ərazidə faydalı qazıntılar qanunsuz istismar edilir VİDEO

Araşdırma başladı
Veb TV | 20:22 • 3 Dekabr 2022
Sülhməramlıların yerləşdiyi ərazidə faydalı qazıntılar qanunsuz istismar edilir

Xocalıda sülhməramlıların komandanlığı ilə faydalı qazıntıların qanunsuz istismarı barədə müzakirələr aparılıb, yol xəritəsi hazırlanacaq.

Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.

Bu gün saat 11.00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Sonra  Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam  etdirilib. Müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub. Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Nümayəndə heyyəti axsam saat  18.00 radələrində  Şuşa şəhərinə qayıdıblar.

Xocalıda, sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Qeyd edək ki, Azərbaycanın digər ərazilərində olduğu kimi Qarabağda da istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir. Bu cür monitorinqlər əvvəllər də olub və bundan sonra da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti