Xəzər Xəbər

Təbii fəlakətlərlə mübarizəyə kömək edəcək peyk kosmosa buraxılıb

Texnologiya | 17:50 • 5 Sentyabr 2024
Təbii fəlakətlərlə mübarizəyə kömək edəcək peyk kosmosa buraxılıb

Təbii fəlakətlərlə mübarizəyə kömək edəcək peyki daşıyan Avropanın “Vega” raketi çərşənbə günü, sentyabrın 5-də Fransa Qvianasından kosmik fəzaya buraxılıb.

Xezerxeber.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Qviana Kosmik Mərkəzinin “X” sosial media platformasında “Avropa” kosmodromundan sonuncu “Vega” missiyasının uğurla buraxıldığı barədə məlumat verilib.

Raket Avropa Birliyinin “Kopernik” proqramının bir hissəsi olan “Sentinel-2C” peykini daşıyır. Bu kosmik aparat suyun keyfiyyətinin monitorinqində və metan emissiyalarının aşkar edilməsində mühüm rol oynayacaq. Peyk, həmçinin meşə yanğınları, zəlzələ və daşqınlar kimi təbii fəlakətlərin idarə edilməsinə də dəstək verəcək.

Missiya İtaliyanın “Avio” aerokosmik şirkəti tərəfindən inşa edilən və 2012-ci ildən xidmətdə olan “Vega” raketləri seriyasında sonuncu olacaq. Bundan əvvəl iki “Airbus” peykinin itməsinə səbəb olan qəzadan sonra bu peykin 2022-ci ildən etibarən dayandırılan daha güclü “Vega-C” ilə əvəz edilməsi nəzərdə tutulur.

Xəbər lenti