Xəzər Xəbər

“iPhone 14”ün istehsalı artırılmayacaq

Maraq azdır
Texnologiya | 13:59 • 28 Sentyabr 2022
“iPhone 14”ün istehsalı artırılmayacaq

Amerikanın “Apple” kompaniyası iki həftə əvvəl satışa çıxarılan “iPhone 14” smartfonlarına tələbatın az olması səbəbindən bu modellərin istehsalını artırmayacaq.

Xezerxeber.az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, kompaniya bu ilin ikinci yarısında “iPhone 14” smartfonlarının istehsalını artırmayacağı barədə komponent təchizatçılarını xəbərdar edib. “Apple” ilin sonunadək 90 milyon smartfon istehsal etmək niyyətindədir ki, bu da öncəki illə müqayisədə təxminən eynidir.

Agentliyin məlumatına görə, dünyanın ən böyük smartfon bazarı olan Çində satışa çıxarıldığı ilk üç gün ərzində “iPhone 14” modelinin satışları ötən il “iPhone 13” qurğularının satışından 11 faiz az olub. Ekspertlərin fikrincə, qlobal smartfon bazarı bu il 6,5 faiz azalaraq 1,27 milyard ədəd təşkil edəcək.

Bir müddət öncə “Apple” Hindistanda “iPhone 14” smartfonlarının istehsalına başladığı barədə məlumat yayıb. Uzun müddət smartfonlarının əksəriyyətini Çində istehsal edən kompaniya ABŞ və ÇXR arasında münasibətlərin mürəkkəbləşməsi səbəbindən alternativlər tapmağa məcbur olub.

Hazırda ABŞ-da “iPhone 14” və “iPhone 14 Plus” smartfonlarının qiyməti müvafiq olaraq 799 və 899 dollar təşkil edir.

1976-cı ildə əsası qoyulan “Apple” kompaniyası smartfonların, iPad planşetlərinin, iMac kompüterlərinin, MacBook noutbuklarının və digər yüksək texnologiyalı məhsulların istehsalı ilə məşğuldur. “Nasdaq” birjasının hesablamalarına görə, hazırda kompaniyanın bazar kapitallaşması 2,42 trilyon dollar təşkil edir.

Xəbər lenti