Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Xezerxeber.az xəbər verir ki, rayonun Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə aparan yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşıb. Buna səbəb hazırda Quba-İspik-Xınalıq avtomobil yolunun 37-50-ci kilometrliklərində yolun hərəkət hissəsində 1 metrə qədər qar kütləsinin olmasıdır. Bununla yanaşı, müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb.
Quba-Xınalıq yoluna alternativ olan Quba-Alpan-Xınalıq yolu da hazırda qar örtüyünün çox olması səbəbindən bağlıdır.
Hazırda müvafiq qurumların əməkdaşları tərəfindən yolun açılması və Xınalıq istiqamətində yerləşən kəndlərlə nəqliyyat əlaqəsinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür.