Xəzər Xəbər

Bəzi abidələr məhv olmaq üzrədir FOTO

Mədəniyyət | 17:25 • 17 Oktyabr 2022
Bəzi abidələr məhv olmaq üzrədir

“Albaniya tarix və mədəniyyət abidələri ilə tanışlıq” layihəsi çərçivəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Atropatena - Albaniya (Qafqaz) tarixi və Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin əməkdaşları Balakən-Zaqatala rayonları ərazisində elmi ezamiyyətdə olublar.

Tarix İnstitutundan bildirilib ki, səfərin başlıca məqsədi bölgədəki alban dövrü abidələri ilə tanışlıq olub. Ezamiyyətin ilk günü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının müşayiəti ilə Balakəndə olan Aşağı Qullar, Arılıqbinə, Nurkilsə, Dəvəboynu, Tülü məbədlərinə, həmçinin Zaqatala səddinə baxış keçirilib, bu abidələrin hazırkı vəziyyəti, hansı dövrə aid olması, quruluşu və xarakterik cəhətləri barədə fikir mübadiləsi aparılıb, abidələrin fotoları çəkilib. Ezamiyyətin ikinci günü isə əməkdaşlar Balakən rayonu ərazisində Yuxarı Qullar, Poştbinə və Cicixana məbədləri, Zaqatala rayonu ərazisindəki Mamrux məbədi, Qax rayonu ərazisindəki Qum bazilikası və Yeddi kilsə məbədi ilə tanış olublar.

Səfərin müddəti qısa olduğu üçün əsasən Balakən rayonu ərazisindəki rayon mərkəzinə yaxın ərazidə yerləşən abidələrlə tanış olmaq mümkün olub. Həmçinin qonşu Zaqatala, Qax və Qəbələ rayonlarında olan bəzi abidələrə də baxış keçirilib. Ezamiyyətdə olan qrupun rəhbəri tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirovanın verdiyi məlumata görə, tanış olduqları abidələrdən bir çoxunun üzərində dövlət reyestri barədə məlumatlarda yanlışlıqlar var və bəzən abidənin məlumat lövhəsində onun yaşı, təyinatı ilə bağlı doğru olmayan informasiyalar yerləşdirilib. Həmçinin bəzi abidələrin üzərində dövlət tərəfindən qorunduğu barədə məlumat lövhəsi olmadığı üçün onların dağılıb məhv olması an məsələsidir. Bölgə tarixi turizmə çox münasib olsa da, abidələrin bir hissəsi, xüsusilə Balakən rayonu ərazisində yerləşən abidələr əhalinin şəxsi təsərrüfatlarının ərazisində yerləşdiyi üçün onlardan turizm məqsədli istifadə etmək demək olar ki, mümkün deyil. Həmçinin elmi tədqiqatların aparılması zamanı da müəyyən çətinliklər yaranır və bu məsələ aidiyyəti olan dövlət qurumlarının diqqətində olmalıdır.

Qeyd etmək lazımdır ki, bu layihə ilin sonuna qədər davam etdiriləcək və alban dövrü ilə məşğul olan əməkdaşlar ölkənin digər bölgələrindəki abidələrlə də tanışlıq üçün ezam olunacaqlar.

Xəbər lenti