Xəzər Xəbər

Qızılın qiymətində rekord yenilənmə baş verib

İqtisadiyyat | 16:00 • 22 Aprel 2025
Qızılın qiymətində rekord yenilənmə baş verib

Qızılın unsiyasının qiyməti 3500 dolları ötərək növbəti rekorda imza atıb.

Xezerxeber.az xəbər verir ki, aprelin 22-də “Comex” birjasında qızılın iyun fyuçerslərinin qiyməti 2,3 faiz bahalaşaraq bir unsiyası 3467,4 dollara yüksəlib. Ticarət sessiyasının gedişində isə qiymət 3509,9 dollaradək artıb. İlin əvvəlindən bəri qızıl 30 faizədək bahalaşıb.

Ekspertlərin fikrincə, artan iqtisadi qeyri-müəyyənlik fonunda qiymətli metala və digər təhlükəsiz aktivlərə, o cümlədən dollara tələb yüksəlir. Ticarət müharibəsinin Birləşmiş Ştatların iqtisadiyyatı üçün nəticələrindən qorxan sərmayədarlar ABŞ aktivlərinə deyil, qızıla və daha təhlükəsiz valyutalara üz tuturlar.

Son zamanlar Donald Trampın Federal Ehtiyatlar Sisteminin (FES) sədri Cerom Pauelə hücumları dollara və ABŞ Xəzinədarlığına təzyiqi artırıb. Dövlət Başçısı Cerom Paueldən FES-in faiz dərəcəsini təcili endirməyini istəyir.

“Bu, ABŞ-də pul-kredit siyasətinin mümkün siyasiləşməsi və FES-ə potensial inamın azalması ilə bağlı narahatlıqlar doğurur, həmçinin sərmayədarların Amerika aktivlərinə inamını daha da zəiflədir. Bu hadisələr fonunda dollar ucuzlaşır, ABŞ-ın uzunmüddətli xəzinə istiqrazlarının gəlirliliyi isə yüksəlir”, - deyə “Trading Economics” nəşri yazır.

“The Wall Street Journal” nəşri isə öz növbəsində ekspertlərə istinadla Ağ evin bazarları sarsıdan siyasət kursunu dəyişdiyinə dair heç bir əlamətin olmadığını və qızılın yeganə etibarlı aktiv kimi qala biləcəyini vurğulayır.

Xəbər lenti