Xəzər Xəbər

Azərbaycanda sahibkarların 21,3 faizini qadınlar təşkil edir

İqtisadiyyat | 14:25 • 8 Mart 2021
Azərbaycanda sahibkarların 21,3 faizini qadınlar təşkil edir

Ölkəmizin ictimai, sosial-iqtisadi və mədəni həyatında qadınlar xüsusi rol oynayırlar, Vətənimiz üçün layiqli, vətənpərvər övladların tərbiyə olunmasında Azərbaycan qadınlarının rolu böyükdür.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildiriblər ki, qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolu, mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. 2021-ci ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,3 faizini qadınlar təşkil edir.

KOBİA-nın fəaliyyətində qadın sahibkarlığının inkişafı prioritet istiqamətlərdəndir. Agentlik tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir, KOBİA yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası aktiv şəkildə təmsil olunur.

İndiyədək Bakıda və müxtəlif regionlarda sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, satış bazarlarına və maliyyə resurslarına çıxışı istiqamətində KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30 faizdən çoxunu qadınlar təşkil edib. KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan indiyədək 451 sahibkar və menecer yararlanıb ki, onların 30 faizdən çoxu qadınlardır.

KOBİA sahibkar qadınların simasında bütün qadınları 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, işlərində uğurlar arzulayır və əmin olduğunu bildirir ki, ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolu, KOB subyektləri arasında qadınların sayı daha da artacaq.

Xəbər lenti

Çox oxunanlar