Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır. Bu sənədin icrası əvvəlcə Abşeronda, sonra isə mərhələli şəkildə digər yerlərdə həyata keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.
Sektor müdiri işğaldan azad edilmiş ərazilərlə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirərək qeyd edib ki, ölkə ərazisində tullantıların idarə edilməsi ilə bağlı müəyyən tapşırıqlar verilib. Onun sözlərinə görə, həmin ərazilərdə bərpa və quruculuq işləri aparılır və bu da təbii olaraq tullantılarla bağlı müəyyən problemlər yaradır. Ekologiyaya və təbiətə ziyan vurulmaması məqsədilə Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi prosesi ”Təmiz Şəhər” ASC-yə həvalə edilib.
Tibbi tullantıların idarə olunması məsələsinin də gündəmdə olduğunu bildirən M.Nəbiyev bu sahənin lisenziya əsasında fəaliyyət göstərdiyini qeyd edərək, hazırda tibb müəssisələrində tibbi tullantıların çeşidlənməsi məsələsi ilə bağlı işlərin aparıldığını da diqqətə çatdırıb.