Xəzər Xəbər

Dövlət Sərhəd Xidmətinin Akademiyasında gənc kursantların andiçmə mərasimi olub FOTO

Gündəm | 12:54 • 1 Oktyabr 2022
Dövlət Sərhəd Xidmətinin Akademiyasında gənc kursantların andiçmə mərasimi olub

Oktyabrın 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında gənc kursantların andiçmə mərasimi keçirilib.

Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Xidmətin rəisi general-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edən DSX Akademiyasının rəisi general-mayor Aqil Babayev mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin ikinci ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıb.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqlarımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı qeyd olunub. Bildirilib ki, Vətən müharibəsində DSX qarşısına Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla icra edib. Sərhədçilərimiz qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Vətən müharibəsində iştirak etmiş Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti arasında DSX Akademiyasının məzunu olmuş 4 zabitin Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyü vurğulanıb. Qeyd olunub ki, bizlərə qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığı yaddaşlardan heç bir zaman silinməyəcək. Onların qəhrəmanlıq mirasının gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.

Çıxışda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şəraitin, güclü elmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin olduğu qeyd edilib. Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə olunub.

Gənc kursantlar adından çıxış edən Vüsal İsmayılov Vətənə şərəflə xidmət edəcəklərinə, üçrəngli müzəffər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövlətin maraqlarını ən yüksək səviyyədə qoruyacaqlarına söz verib.

Tədbir başa çatdıqdan sonra kursantlarla xatirə fotoşəkli çəkdirilib.

Xəbər lenti