Xəzər Xəbər

Ərdoğanın şərhindən sonra Finlandiya NATO-ya üzvlük üçün Türkiyə ilə dərhal təmasa keçib

Dünya | 15:04 • 30 Yanvar 2023
Ərdoğanın şərhindən sonra Finlandiya NATO-ya üzvlük üçün Türkiyə ilə dərhal təmasa keçib

Finlandiya Türkiyə Prezidenti Ərdoğanın NATO-ya üzvlük prosesi ilə bağlı şərhindən sonra Türkiyə hökumət administrasiyası ilə dərhal təmasa keçib.

Bu barədə "Helsingin Sanomat" nəşri Prezident Sauli Niinistöyə istinadən bildirib.

"Finlandiya həm prezident aparatı, həm də xarici işlər naziri Pekka Haavisto vasitəsilə Türkiyə ilə əlaqə saxlayıb. Biz bu barədə xarici işlər naziri Haavisto ilə razılaşdıq. İlkin müzakirələr artıq aparılıb, kabinetim Ərdoğanın müşaviri ilə, Haavisto isə Türkiyə xarici işlər naziri ilə. Dərhal əlaqə saxladıq. Əslində, indiki məqamda başqa sözüm yoxdur, amma düşünürəm ki, gələcəkdə açıqlamalar olacaq", Niinistö bildirib
Finlandiya Prezidenti türkiyəli həmkarının şərhində qeyri-müəyyənlik və şərtiliyin olduğunu vurğulayıb.

"Mən bir neçə dəfə qeyd etmişəm ki, İsveçlə birlikdə hərəkət etmək təkcə bizim orada yaxşı dostumuz olması ilə bağlı deyil. Düşünürəm ki, Finlandiyanın NATO üzvü kimi əldə etdiyi faydanın bir hissəsi həm də İsveçin bu alyansa daxil olmasından irəli gəlir", o əlavə edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin ayrı-ayrılıqda nəzərdən keçirə biləcəyi barədə danışıb. "Lazım olsa Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Finlandiya haqqında fərqli mesaj verdikdə İsveç şoka düşəcək, - deyə Prezident vurğulayıb.

Xəbər lenti