Xəzər Xəbər

Avstraliya parlamenti sabiq Baş nazirə etimadsızlıq votumunu nəzərdən keçirəcək

Dünya | 11:11 • 28 Noyabr 2022
Avstraliya parlamenti sabiq Baş nazirə etimadsızlıq votumunu nəzərdən keçirəcək

Avstraliya Federal Parlamenti pandemiya zamanı özünü beş nazirliyin və departamentin rəhbəri təyin etmiş sabiq Baş nazir Skott Morrisona etimadsızlıq səsverməsinin keçirilməsi təklifini müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 28-də Avstraliya hökumətinin başçısı Entoni Albaneze bəyan edib. Baş nazir bildirib ki, hökumətin sabiq başçısı Skott Morrisona qarşı hakimiyyətin mənimsənilməsi və dövlət idarəçiliyinin fundamental prinsiplərinin pozulması ilə bağlı etimadsızlıq səsverməsi üçün ölkə parlamentinə təklif təqdim ediləcək. “İstintaq göstərdi ki, onun qərarları həm hökumətin hesabatlılığı prinsiplərini, həm də demokratik sistemimizin və parlamentimizin düzgün işləmək qabiliyyətini əsaslı şəkildə pozub”, - deyə E.Alaneze bildirib. Əlavə edib ki, Avstraliyanın sabiq Baş nazirinin parlament prosedurları çərçivəsində cavabdeh olacağı planlaşdırılır.

Qeyd edilir ki, bu həftənin sonuna qədər ölkənin baş prokuroru Mark Dreyfusun və ya nümayəndələr palatasının sədri Milton Dikin keçmiş Baş nazirə etimadsızlıq səsverməsi üçün parlamentə müraciət edəcəyi gözlənilir.

E.Albaneze, həmçinin bildirib ki, Nazirlər Kabineti dekabrın 5-dək milli qanunvericiliyə düzəlişlər paketi hazırlayacaq və burada gələcəkdə federal nazirlərin vəzifələrinə təyinatlar və onların funksiyalarının yenidən bölüşdürülməsi ilə bağlı bütün məlumatların açıq olacağına zəmanət verilməsi əksini tapacaq.

Xatırladaq ki, avqustun 15-də Avstraliya hakimiyyəti S.Morrisona qarşı istintaqa başlayıb və o, özünü əsas nazirlik və idarələrə rəhbər təyin etməkdə, bununla da ölkədə bütün hakimiyyəti öz əlində cəmləşdirməkdə ittiham edilir. Bundan əlavə, hökumət keçmiş Baş nazirin mayın 21-də ölkədə keçirilən ümumi parlament seçkiləri zamanı səsvermənin nəticələrinə təsir etmək üçün ona verilmiş səlahiyyətlərin bir hissəsindən istifadə etdiyini bildirir.

Xəbər lenti