Xəzər Xəbər

Rusiya BMT TŞ-də ABŞ-nin Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub

Dünya | 10:46 • 1 Oktyabr 2022
Rusiya BMT TŞ-də ABŞ-nin Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub

BMT Təhlükəsizlik Şurasında Ukraynanın işğal edilərək Rusiyaya birləşdirilən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilmiş “referendumları” pisləyən qətnamə  səsverməyə çıxarılıb.

Modern.az xəbər verir ki, Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasında ABŞ və Albaniyanın təşəbbüsü ilə səsəverməyə çıxarılan qətnaməsinə veto qoyub. Bununla da qətamə qəbul edilməmiş sayılıb.

Dörd dövlət - Çin, Hindistan, Braziliya və Qabon bitərəf qalıb. Qətnamənin lehinə 10 ölkə səs verib.

Qətnamənin mətnində bildirilirdi ki, “Rusiya tərəfindən Ukraynanın regionlarında beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində qeyri-qanuni qondarma referendumların təşkili pislənilir”. Mətndə Rusiyanın hərəkətləri qeyri-qanuni adlandırılıb və dörd regionun statusunun dəyişdirilməsinə əsas yarada bilməyəcəyi qeyd edilib.

Müəlliflər bütün ölkələrə, beynəlxalq təşkilatlara və ixtisaslaşmış strukturlara “Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətləri” statusunun dəyişdirilməsini tanımamağı tövsiyə ediblər. Mətndə dörd regionun Rusiya Federasiyasına birləşdirilməsinin tanınmaması tələb olunurdu. Bundan əlavə, Moskvadan öz qüvvələrini Ukraynadan dərhal çıxarmaq tələb olunurdu.

Hazırda BMT-nin Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Onlardan 5-ı daimi, 10-u qeyri-daimi üzvdür.

Daimi üzvlər bunlardı: Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa.

Qeyri-daimi üzvlər:  Hindistan, İrlandiya, Meksika, Norveç, Qabon, Qana, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və  Albaniya.

Sentyabrın 30-da Kremldə Ukraynanın işğal olunmuş 4 regionunun- Donetsk, Luqansk, Zaporojye və Xersonun Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında sazişlərin təntənəli imzalanması mərasimi olub.

Rusiya prezidenti Vladimir Putin mərasimdə iştirak edib. O bildirib ki, Moskva Kiyevlə danışıqlar masası arxasına oturmağa hazırdır, lakin adıçəkilən regionlarla bağlı məsələni müzakirə etmək niyyətində deyil. Putin vurğulayıb ki, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində yaşayan insanlar əbədi olaraq Rusiya Federasiyasının vətəndaşı olublar.

Xəbər lenti