Xəzər Xəbər

Binəqədidə xidmətlərin işi tənqid edilib

Cəmiyyət | 10:26 • 6 Avqust 2024
Binəqədidə xidmətlərin işi tənqid edilib

Son vaxtlar paytaxtda sanitar-təmizlik məsələlərinin vəziyyəti ilə bağlı ən problemli ərazilərdən biri Binəqədi rayonudur. Rayonda sanitar-təmizlik məsələləri istiqamətində problemlərin aradan qaldırılması və Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə rayonun qoşulması ilə bağlı Binəqədi RİH-də Bakı Şəhər və Binəqədi Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 5 il ərzində həyata keçirilən layihə barədə danışıb. Bildirib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib. Vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində əhalinin həyat səviyyəsi yüksəlib və bununla əlaqədar insanlar öz şəhərlərinə daha çox qayğı ilə yanaşırlar. Nəticədə bu gün Bakı şəhərinin təmizliyi göz oxşayır.

Qeyd edilib ki, hazırda Binəqədidə rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq və təmizliklə bağlı müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilsə də, ümumilikdə sanitar-təmizlik məsələləri hələ də aşağı səviyyədə qalmaqdadır. Bununla əlaqədar rayon rəhbərliyinin və kommunal xidmətlərin işi ciddi tənqid olunub. Rayonda müşahidə olunan problemləri nəzərə alaraq bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin Binəqədi rayonu ərazisində keçirilməsi qərara alınıb.

Müşavirədə rayonun qəsəbə və İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin hesabatları dinlənilib, onlara ciddi xəbərdarlıq edilib və cavabdeh ərazidə problemlərin aradan qaldırılması ilə bağlı konkret vaxt verilib.

Qeyd edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihə paytaxtın 8 rayonunda davam etdirilir. Yaxın günlərdə sözügedən layihənin icrasına Binəqədi rayonunda da start veriləcək. Binəqədi rayonunda maarifləndirmə işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edəcəklər.

Xəbər lenti