Xəzər Xəbər

DYP sürücülərə müraciət edib

Cəmiyyət | 15:12 • 3 Dekabr 2022
DYP sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi geniş mənada başa düşülən anlayışdır: “Dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Məqsəd cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Belə ki, bu kateqoriyadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmin edilməsi məsələsi dövlətin daim diqqət mərkəzindədir. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında sağlamlığını itirən bir sıra gənclərimizin və ümumilikdə yollarda xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza anlayışlı münasibət göstərmək, onların təhlükəsizliyini daim diqqətə saxlamaq hər kəsin vəzifəsi olmaqla yanaşı, insanlıq borcudur.

Bütün hərəkət iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişindaşıma və parklama kimi məsələlərdə müəyyənləşdirilən üstünlüklərə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik.

İnklüziv həyat tərzinin əsas göstəricilərindən biri kimi, hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütləq qaydada töhfəsini verməklə yanaşı formalaşan yeni nəsil üçün də düzgün nümunədir”.

“Bir daha sürücülərdən və bütün hərəkət iştirakçılarından sağlamlıq imkanları məhdud şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcə də yol hərəkəti qaydalarının tələblərini yerinə yetirməyi xahiş edirik!”, - deyə baş inspektoru vurğulayıb.

Xəbər lenti