Xəzər Xəbər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Gündəm | 19:42 • 13 İyul 2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatla bağlı bəyanat yayıb. Bu barədə xezerxeber.az-a "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.


Bəyanatda deyilir: "İyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində ərazilərimizi işğal etmək məqsədilə Ermənistan silahlı qüvvələri hücum edib. Ermənistanın bu cəhdi bizə 1990-cı illərin əvvəllərində məruz qaldığımız işğalı və öz ata-baba yurdlarımızdan qovulduğumuz faciəvi günləri xatırlatdı. O vaxt Qarabağ bölgəsi və ətraf rayonlar işğalın hədəfi idisə, indi cəzasızlıq hissindən ruhlanan Ermənistan Azərbaycanın digər ərazilərini işğal etməyə çalışır.


Bu, bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir və bizim əzəli torpaqlarımıza qayıtmağımıza imkan vermək niyyətində deyil. Ermənistanın bu cəhdləri bizi doğma yurdumuza geri dönmək əzmimizdən çəkindirmir və pozulmuş hüquqlarımızın bərpa edilməsinə mane ola bilməyəcək.


Dövlət sərhədində törədilmiş bu təxribat göstərir ki, Ermənistan yeni münaqişə ocağı yaratmaqla diqqəti Qarabağ münaqişəsindən və işğal faktından yayındırmaq istəyir. Lakin Ermənistan heç bir vəchlə buna nail ola bilməyəcək.


Ermənistanın daxilində sosial-iqtisadi problemlər kəskinləşir, hökumət COVID-19 pandemiyası ilə bacara bilmir və bu səbəbdən belə təxribatlara əl atmaqla diqqəti fərqli istiqamətə yönəltmək istəyir.


İşğalçı ölkə BMT Baş katibinin qlobal atəşkəs təşəbbüsünü sözdə dəstəklədiyini bildirir, ancaq riyakarcasına hərbi təxribatlar törədir.


Regionda gərginliyə son qoyulması üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edilməli və bütün azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar”.

Xəbər lenti